İQTİSADİYYAT
Biznesə başlamaq istəyən innovativ ideyalı gənclər üçün nadir platforma
Bakı, 16 iyul (AZƏRTAC). İyulun 16-da Bakıda “Azercell Telekom” MMC-nin yeni Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssislər, gənc sahibkarlar və media təmsilçiləri iştirak ediblər. “Azercell”in son illərdəki fəaliyyəti barədə məlumat verən şirkətin prezidenti Kiril Qaburiç əldə olunan nailiyyətlərdən söz açaraq, şirkətin sosial fəaliyyətində istedadlı gənclərə və gələcəyin sahibkarlarına xüsusi yer verildiyini diqqətə çatdırıb.
K.Qaburiçi deyib ki, “Azercell”in uğurlu layihələrindən biri olan Barama Mərkəzi biznesə başlamaq istəyən innovativ ideyalı gənclərimiz üçün yeni imkanlar yaradır. Fəaliyyət göstərdiyi qısa müddətdə mərkəzin dəstəyi ilə bir sıra uğurlu layihələr həyata keçirilib. Aparıcı şirkətlər tərəfindən gənc sahibkarlar üçün müsabiqələr və qrant proqramları təşkil edilib.
Yeni mərkəz gələcək sahibkarların ideyalarının reallaşması üçün gərəkli avadanlıqlarla, həmçinin smart layihə ilə təmin olunub. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün iri konfrans zalı var. Ofisin digər üstünlüyü 24 saat fasiləsiz iş imkanına malik olmasıdır. Mərkəzdə “Barama” layihəsi iştirakçılarının istirahəti üçün oyun zalı yaradılıb.
Açılış mərasimində ”Azercell”in mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyası çərçivəsində bu yay regionlarda həyata keçirdiyi müxtəlif kampaniya, tarif paketləri, eləcə də abonentlər üçün sərfəli mobil internet və endirimli rouminq tarifləri barədə də söhbət açılıb.