SİYASƏT
BMT baş katibinin müşaviri Bakıya səfərə gələcəkdir
Bakı, 10 aprel (AZƏRTAC). BMT baş katibinin informasiya-kommunikasiya məsələləri üzrə xüsusi müşaviri Amir Dossal Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gələcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, britaniyalı maliyyə meneceri və sosial novatoru Amir Dossal iqtisadi və sosial problemləri innovativ əməkdaşlıq yolu ilə həll etmək məqsədilə Qlobal Əməkdaşlıq Forumunun yaradıcısı və rəhbəridir. Fars körfəzində şəffaflığı təmin edən “Pearl təşəbbüsü”nün müəlliflərindən olan Amir Dossal, eyni zamanda, Beynəlxalq Telekommunikasiya Birliyi sədrinin Qlobal Əməkdaşlıq üzrə xüsusi nümayəndəsidir.
A.Dossal 2010-cu ilin sentyabrınadək BMT baş katibinin əməkdaşlıq məsələləri üzrə baş əlaqələndiricisi idi. O, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün hökumətlər, korporasiyalar, fondlar və xeyriyyəçilərlə strateji alyans işləyib hazırlamışdır. A.Dossalın əsas vəzifələrindən biri BMT nümayəndəsi olaraq media-maqnat Ted Törneri qadın və uşaq sağlamlığı, iqlim dəyişikliyi və biomüxtəliflik kimi 450-dən çox layihəni dəstəkləyən bir milyard dollar dəyərindəki tərəfdaşlığa cəlb etməsi idi. Bundan başqa, A.Dossal 2005-ci ildə institutların və demokratik idarəetməni gücləndirmək məqsədilə yaradılan Birləşmiş Millətlər Demokratik Fonduna rəhbərlik etmişdir. O, BMT-yə gəlməzdən əvvəl 15 il biznes sahəsində işləmiş, Asiya, Karib körfəzi, Avropa, Yaxın Şərq və Şimali Amerika ölkələrində yaşamış və fəaliyyət göstərmişdir. A.Dossal müntəzəm şəkildə çıxışlar edir, öhdəliklər götürür və qeyri-kommersiya işləri ilə məşğul olur.
Mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda dünyanın 50-dən çox ölkəsindən 30-dan çox sabiq dövlət və hökumət başçısı, 200-dən artıq nüfuzlu elm adamları, strateqlər iştirak edəcəkdir.