CƏMİYYƏT
BMT BAŞ MƏCLİSİ APRELİN 22-Nİ ANA-YER KÜRƏSİ GÜNÜ ELAN ETMİŞDİR
Bakı, 24 aprel (AZƏRTAC). Xarici kütləvi informasiya vasitələri xəbər verirlər ki, BMT Baş Məclisi aprelin 22-nin Beynəlxalq Ana-Yer Kürəsi günü elan edilməsi barədə yekdilliklə qətnamə qəbul etmişdir. Boliviyanın təşəbbüsü ilə qəbul olunmuş qətnamədə deyilir ki, “BMT Baş Məclisi bütün üzv dövlətlərə, BMT sistemi təşkilatlarına, beynəlxalq, regional və subregional təşkilatlara, vətəndaş cəmiyyətinə, qeyri-hökumət təşkilatlarına və müvafiq maraqlı tərəflərə Beynəlxalq Ana-Yer Kürəsi gününü münasib formada qeyd etməyi və bu barədə məlumatlandırmanı gücləndirməyi təklif edir.
Boliviyanın Prezidenti Xuan Evo Morales, xüsusi olaraq BMT Baş Məclisinin iclasında iştirak etmək üçün Nyu-Yorka gəlmişdir. Morales BMT üzvü olan ölkələri Yer Kürəsi hüquqlarına dair Ümumi Bəyannaməni qəbul etməyə çağırmışdır.
BMT Baş Məclisinin sədri Migel d”Eskoto Brokmann bildirmişdir ki, Ana-Yer Kürəsi gününün bəyan edilməsi planetimizin və onun ekoloji sistemlərinin bizim həyatımızı təmin etməsinin etiraf olunması, habelə 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühit və inkişaf üzrə Konfransında qəbul edilmiş öhdəliklərin təsdiqidir.