DÜNYA
BMT-nin 78-ci sessiyasında söz və fikir azadlığı barədə səslənən fikirlər

Bakı, 24 sentyabr, AZƏRTAC
Nyu-York şəhərində BMT-nin Baş Assambleyasının 78-ci sessiyası davam edir. Müxtəlif ölkələrin rəhbərləri sessiyada çıxış edərək dünyada mövcud olan problemlərdən danışırlar. Hazırda qlobal xarakter daşıyan Rusiya-Ukrayna müharibəsi, taxıl problemi, ekologiya məsələləri, hətta BMT-nin yenidən formalaşması barədə təkliflərlə də səsləndirilir.
AZƏRTAC xəbər verir ki, sessiyada bu beynəlxalq təşkilatın yüksək tribunasından Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirinə də toxunuldu və bir sıra dövlət başçıları tərəfindən dəstəkləndi.
Diqqətçəkən problemlərdən biri söz və fikir azadlığı məsələsi, buna siyasi liderlərin münasibəti oldu.
Braziliya Prezidenti Lula da Silva çıxışında bildirdi ki, BMT-nin daimi üzvləri dünyaya demokratiyadan, söz və fikir azadlığından dərs keçirlər. Lakin özləri müxtəlif ölkələrdə “rəngli” inqilablar törədir, xalq tərəfindən seçilən hakimiyyəti dəyişib öz maraqlarına uyğun siyasi qrupları hakimiyyətə gətirirlər. BMT-nin 5 daimi üzvünü tənqid edən Braziliya Prezidenti bu dövlətlərin söz azadlığına dözümsüz yanaşdıqlarını bildirərək, ABŞ-dan Böyük Britaniyaya qaçan jurnalist Culyan Assanca azadlıq tələb etdi.
Hondurasın Prezidenti xanım Siomara Kastro da Braziliyalı həmkarının fikirlərinə şərik olaraq, nəzərə çatdırdı ki, jurnalist C. Assanc söz və fikir azadlığı prinsiplərindən, mövcud qanunlara əsasən yaratdığı “WikiLeaks” saytında yazdığı yazılara görə təqibə məruz qalıb. Xanım Prezident də amerikalı jurnalistə azadlıq və təqib olunmasına son qoyulmasını tələb etdi.
ABŞ-da fəaliyyət göstərən C. Assanc 2011-ci ildə Dövlət Departamentinə daxil olan və məxfi sayılan diplomatik materialları dərc edib. Müxtəlif ölkələrdə fəaliyyət göstərən ABŞ səfirliklərindən daxil olan bu məktublarda yerli hakimiyyətlərə rəsmi Vaşinqton tərəfindən necə təzyiq göstərildiyi, təhdid edildiyi əks olunmuşdu. Avstraliya əsilli jurnalist əldə etdiyi 700 mindən çox sənədin bir hissəsini dərc etdikdən sonra təqiblərə məruz qalaraq Böyük Britaniyaya qaçmalı oldu. Lakin burada da onu rahat buraxmadılar və həbs etdilər. Artıq 10 ildən çoxdur ki, ev dustaqlığı şəraitində yaşayan C. Assanc Braziliya Prezidentinin ifadə etdiyi kimi, “ədalətsiz ədalətlə” üz-üzə dayanıb. Onun yaratdığı “WikiLeaks” saytı başqa dövlətlərin daxili işlərinə qarışmaq planlarını ifşa etdi.
“Consortium News” xəbər portalı yazır ki, Avstraliya parlamentinin nümayəndə heyəti ABŞ Ədliyyə Nazirliyinə müraciət edərək C. Assancın təqib olunmasına son qoymağı xahiş ediblər. “Washington Post” qəzeti Avstraliya parlamentinin 64 üzvünün məktubunu dərc edib. Məktubda deyilib ki, C. Assancın həbs olunacağı təqdirdə, avstraliyalılara Amerika ilə dost olduğumuzu inandırmaq çətin olacaq.
Avstraliyanın “Yaşıllar” partiyasını parlamentdə təmsil edən senator Peter Wish-Wilson Amerikada "Democracy Now" müstəqil radiostansiyasına verdiyi müsahibədə bildirib ki, “11 il müddətində jurnalisti təqib etmək totalitar rejimlərə xas olan işdir. Mən C. Assancın Böyük Britaniyadan ABŞ-a ekstradisiya olunaraq ədalətli şəkildə mühakimə edilərək inanmıram”.
“Reuters” xəbər agentliyi yazır ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri başqa ölkələrdə müharibələrə başlayır, hökumətləri dəyişir, bunlara görə BMT Təhlükəsizlik Şurası etibarını itirir.