BMT-nin Ali komissarı: Holokost qaz kameralarından deyil, stereotiplərdən başlayıb
Bakı, 26 yanvar, AZƏRTAC
Holokost qaz kameralarından deyil, stereotiplərdən və zehniyyətdən başlayıb. Bu sözləri 27 Yanvar-Holokost qurbanlarını anma günü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə Ali komissarı Mişel Baçelet söyləyib.
AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, BMT-nin Ali komissarı Holokostu insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri adlandırıb və nasistlərin yəhudiləri və digər millətlərin nümayəndələrini vəhşicəsinə qətlə yetirmələrini unutmamağa çağırıb. O, həmçinin irqçilik və antisemitizmin bütün təzahürlərini pisləyib.
BMT yanvarın 27-ni rəsmən Beynəlxalq Holokost Qurbanlarının Anım Günü elan edib. 1945-ci il yanvarın 27-də sovet ordusu faşistlərin Osventsim (Auşvits-Burkenau) toplama düşərgəsini azad edib. Mişel Baçelet deyib: Auşvits-Burkenau düşərgəsinin azad olunması nəticəsində 7500 nəfərin həyatı xilas edilib. Faşistlər tərəfindən üç il müddətində bu düşərgədə 1,1 milyon insanı öldürülüb. Onların 90 faizindən çoxu yəhudidir”.
BMT-nin Ali komissarı əlavə edib: “Auşvits-Burkenau Polşada ən böyük toplama düşərgəsi olub. Qaz kameralarında öldürülənlərlə yanaşı, digər əsirlər qul əməyinə, aclığa və xəstəliyə dözməyərək, həmçinin “tibbi eksperimentlər” nəticəsində həlak olurdular. Burada yəhudilərlə yanaşı, Avropa ölkələrində müqavimət hərəkatının döyüşçüləri, hərbi əsirlər, siyasi məhbuslar və digərləri ölümə məhkum edilmişdi”.
Mişel Baçelet müasir dövrdə irqçilik, nifrət, ksenofobiya və antisemitizm təzahürlərini də pisləyib. Vurğulayıb ki, azlıqlara qarşı bütün bu zəminlərdə baş verən hücumlar bir çox hallarda milli liderlərin dəstəyi ilə baş verir. O, tarixin faciəli səhifələrinin şübhə altına alınması cəhdlərini də qətiyyətlə pisləyib. BMT-nin Ali komissarı deyib: “Biz hamımız kin və nifrətə qarşı birlikdə çıxış etməliyik. Bütün insanlar birləşərək getdikcə artan antisemitizm, ksenofobiya və insanları hüquqlarından məhrum edən digər mənfi hallara qarşı mübarizə aparmalıdırlar. Holokost qaz kameralarından deyil, stereotiplərdən və zehniyyətdən başlayıb”.