BMT-NİN BAŞ KATİBİ AİLƏ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Pan Gi Mun bu il “Atalar və ailələr: məsuliyyət və çətinliklər” mövzusunda keçirilən Beynəlxalq Ailə günü münasibətilə müraciət etmişdir.
Müraciətdə ataların ailə və uşaqların həyatında mühüm rolu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, bir çox ölkələrdə uşaqların tərbiyə edilməsində atanın rolunun əhəmiyyəti getdikcə artır. Bu yaxınlarda aparılan tədqiqatlar uşaqların tərbiyəsinə ataların fəal cəlb olunmasının müsbət təsirini təsdiq etmişdir.
Buna baxmayaraq, hələ də atalar üçün, eyni zamanda, cəmiyyətdə və ictimai siyasət sahəsində müəyyən çətinliklər mövcuddur. Bir çox kişilər atalıq məsuliyyətini öz üzərinə götürməkdə çətinlik çəkirlər. Bu, tez-tez ailə və ümumilikdə cəmiyyət üçün mənfi nəticələrə gətirib çıxarır.
Pan Gi Mun atalıq anlayışı barədə müsbət fikir yaradan və bunu təbliğ edən ictimai mühitin qurulmasını tövsiyə etmişdir.