BMT-nin yüksəksəviyyəli iclasında Azərbaycanın inklüziv şəhərsalma təcrübəsindən danışılıb
Bakı, 15 may, AZƏRTAC
Milli Məclisin deputatı, Parlamentarilərin Qlobal Səhiyyə Koalisiyasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə həmsədri Pərvanə Vəliyeva BMT-nin ABŞ-dəkı Mənzil-Qərargahında keçirilən İİV/QİÇS-lə bağlı yüksəksəviyyəli çoxtərəfli dinləmədə iştirak edib.
AZƏRTAC xəbər verir ki, BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun moderatorluğu ilə keçirilən dinləmədə Avropa İttifaqı, BMT-yə üzv dövlətlər, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin bir sıra qurumlarının nümayəndələri iştirak ediblər.
Vərəm və İİV/QİÇS üzrə Parlamentarilərin Platformasını təmsil edən Pərvanə Vəliyeva çıxışı zamanı bildirib ki, dünya İİV-lə qlobal mübarizə sahəsində mühüm mərhələyə qədəm qoyub və bu görüşdə qəbul ediləcək qərarlar gələcək illər ərzində milli planlaşdırma və icra proseslərinə ciddi təsir göstərəcək. O vurğulayıb ki, sağlam və dayanıqlı şəhərlər ictimai səhiyyənin gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə inklüziv şəhər inkişafı ilə əlçatan səhiyyə xidmətlərinin bir-birini tamamlamalı olduğuna inanır və ölkəmiz İİV xidmətlərinə çıxışı genişləndirən “Fast-Track Cities” təşəbbüslərini dəstəkləməklə yanaşı, insan mərkəzli və dayanıqlı şəhər siyasətlərini fəal şəkildə təşviq edir.
Pərvanə Vəliyeva, həmçinin bildirib ki, qlobal maliyyələşdirmə mühitində baş verən dəyişikliklər fonunda əsas məsələ İİV-lə mübarizə sisteminin necə daha dayanıqlı, milli əsaslı və davamlı hala gətirilməsidir. Onun sözlərinə görə, vərəm və İİV-lə mübarizədə inteqrasiya olunmuş yanaşma həm səmərəli, həm də dayanıqlı həll yoludur. Deputat parlamentlərin qanunvericilik, büdcə və hesabatlılıq mexanizmləri vasitəsilə siyasi bəyannamələrin real fəaliyyətə çevrilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonda qeyd olunub ki, parlamentarilər yalnız beynəlxalq öhdəliklərin müdafiəsi üçün deyil, eyni zamanda, onların səmərəli icrasının təmin olunması istiqamətində də fəal iştirak edirlər.