Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb
Bakı, 24 dekabr, AZƏRTAC
Polis əməkdaşları tərəfindən ölkə ərazisində partlayıcı, tezalışan maddələr və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beyləqan, Ucar, Ağcabədi, Hacıqabul, Masallı, Salyan və Şamaxı rayonlarında keçirilən növbəti tədbirlər nəticəsində partlayıcı maddələrin gizli şəkildə satışını təşkil edən 7 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus mağazalardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanılmış materiallar baxılması üçün məhkəmələrə göndərilib.