Bölgələrdə yuxarı sinif şagirdləri və gənc müəllimlərlə info-sessiyalar həyata keçirilir
Bakı, 4 mart, AZƏRTAC
Böyük Britaniya hökuməti tərəfindən dəstəklənən layihə çərçivəsində “Gender Hub Azərbaycan”ın təşkilatçılığı ilə yanvarın 25-dən ölkəmizin fərqli bölgələrində yuxarı sinif şagirdləri və gənc müəllimlərlə info-sessiyalar həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, info-sessiyaların əsas məqsədlərindən biri məktəblilərin öz hüquqlarından xəbərdar olmaları, eləcə də erkən nikah və gender əsaslı ayrı-seçkilik hallarının hüquq pozuntusu olmasını öyrənmələri, digəri isə müəllimlərin və digər təhsil işçilərinin erkən nikah məsələlərinə hər kəsdən əvvəl məktəb və icra hakimiyyətləri tərəfindən müdaxilə edilməli olduğu fikrinin aşılanması olub.
Layihənin yekunu olaraq isə martın 3-dən 5-dək Bakıda ölkənin müxtəlif rayonlarından seçilmiş 25 gənc və motivasiyalı müəllimin iştirakı ilə “Müəllimlər gender-əsaslı stereotiplərə qarşı” təlim kursu həyata keçirilir.
Qeyd edək ki, layihə çərçivəsində daha əvvəl də “Gender Hub Azərbaycan” tərəfindən Bərdə, Şəki, Xaçmaz, Ağcabədi, Lənkəran rayonlarında eyni xarakterli info-sessiyalar həyata keçirilib. Təlimlər, ümumilikdə, 1500-dən çox şagirdi və 500-dən çox müəllimi əhatə edib.
Sessiyalarda erkən nikah, qohum evlilikləri, gender əsaslı ayrı-seçkilik, zorakılığa səbəb olan zərərli adət-ənənələrin (qız qaçırmaq, erkən ailə qurmaq), sosial normaların transformasiyasının zəruriliyi və məktəblərin bu proseslərdəki rolu mövzuları ətrafında müzakirələr aparılıb.