Bölgələrdəki sahibkarlıq subyektləri dövlət əmlakının özəlləşdirilməsi prosesinə cəlb edilir
Bakı, 3 may, AZƏRTAC
Cari ilin ötən 4 ayında Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 60-dək hərrac keçirilib, 180-nə yaxın orta və kiçik dövlət müəssisələri özəlləşdirilib.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, bu barədə komitənin mayın 3-də "Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları" mövzusunda keçirdiyi işgüzar forumda bildirilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda ətraf rayonlardan olan 100-dək sahibkarlıq subyekti, iş adamı iştirak edib. Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan müəssisələr barədə maarifləndirməkdir.
ƏMDK-nın şöbə müdirinin müavini Yalçın Camalov bildirib ki, "Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında" Fərmana əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmə prosesi sürətləndirilir. Strateji Yol xəritələrində də göstərildiyi kimi, özəlləşmə prosesinə investorların aktiv cəlb edilməsi bu sahənin statistikasının iqtisadi göstəricilərdə müsbət olması istiqamətində mühüm tədbirlər reallaşdırılır. Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsilə satışa yönəldilir. Bu zaman dövlət əmlaklarının altında yerləşən torpaq sahələri həmin əmlakların bazar dəyərinə daxil edilməklə birlikdə özəlləşdirilir. Məqsəd sahibkarların müvafiq əmlakları komitənin təşkil etdiyi hərrac və müsabiqələrdən daha rahat formada əldə etməsidir. Yeni yanaşmalara uyğun olaraq, cari ilin 4 ayı ərzində 60-dək hərrac keçirilib, 180-nə yaxın iri, orta və kiçik dövlət müəssisələri özəlləşdirilib.
Qeyd olunub ki, daha bir əhəmiyyətli məqam isə özəlləşdirmə prosesinin şəffaflığının təmin olunması və özəlləşdirilən müəssisələr haqqında məlumatların ictimaiyyətə əvvəlcədən və tam açıqlanmasıdır. Özəlləşmədə iştirak etmək istəyən şəxs komitənin saytı, xüsusən bu məqsədlər üçün yaradılmış Özəlləşdirmə portalı, habelə "Mülkiyyət" qəzeti və "Daşınmaz əmlak" jurnalı vasitəsilə müvafiq müəssisə və obyektlər haqqında tam dolğun məlumatlar əldə etmək imkanına malikdir. Özəlləşdirmə portalı vasitəsilə geniş ictimaiyyətə və investorlara özəlləşdirilməyə çıxarılan dövlət əmlakları barədə indi daha geniş və təfərrüatlı məlumatlar təqdim olunur. Portaldan istifadə edənlərin sayı artıq 2,3 milyona yaxınlaşıb. Bu isə öz növbəsində, ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinə və açıq hərraclara olan marağın göstəricisidir.
Bildirilib ki, bu sahənin tam olaraq elektron müstəviyə keçməsi, elektron hərracın tətbiqi, hərracları onlayn izləmək imkanı investorların marağını daha da artırıb. Belə ki, qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq, 30-dək vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 280-ə yaxını isə elektron şəkildə həyata keçirilib. Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə hərracların 170-ə yaxını rəqabətli şəkildə baş tutub ki, bunun da 40-dəki cari ilin payına düşür.
Diqqətə çatdırılıb ki, investisiya müsabiqələri vasitəsilə özəlləşən müəssisələr də ölkənin iqtisadi gücünə töhfə verir. Müəssisələrin fəaliyyəti bərpa olunmaqla rəqabət qabiliyyətli məhsul istehsal edilir, yeni iş yerləri açılır. Əcnəbi sərmayəçilərin özəlləşmə prosesində iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq xarici ölkələrdə forumlar keçirilir, təbliğat, maarifləndirmə işləri aparılır.
Şəki Şəhər İcra Hakimiyyəti və ASK-nın nümayəndələri bölgələrimizdə investisiya yatırımları üçün münbit şəraitin olduğunu, hazırda özəlləşmə prosesinə sahibkarların marağının artdığını vurğulayıblar. Bildirilib ki, özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları" mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovativ üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi ilə bağlı məlumatlar investorlara çatdırılıb. Qeyd edilib ki, Şəki şəhəri və ətraf rayonlar üzrə 32-si xidmət, 7-si istehsal, 6-sı təhsil, 2-si turizm, biri tikinti olmaqla 48 dövlət müəssisəsi özəlləşməyə açıq elan edilib.
Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə tədbirlər gələcəkdə digər iqtisadi rayonlarda da keçiriləcək.