BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOV BAKININ GÖRMƏLİ YERLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
İçərişəhərlə tanışlıq zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa məlumat verərək dedi ki, orta əsr memarlığının incisi – xeyli hissəsi XV əsrin ortalarında I Xəlilüllahın dövründə tikilən Şirvanşahlar sarayı Azərbaycanın tarixi abidələri arasında birinci yeri tutur. XV əsrdə Bakı Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Saray kompleksinin abidələri İçərişəhərin ən yüksək nöqtələrindən birində yerləşir. Buradan şəhərin gözəl mənzərəsi açılır.
Sonra ali qonaq və onu müşayiət edən şəxslər İçərişəhərdə “Azərxalça” İstehsalat Birliyinin sərgi salonuna gəldilər. Bolqarıstan Prezidenti üzərində ümummilli liderimiz Heydər Əliyevin, habelə Nizaminin, Nəsiminin portretləri toxunmuş xalçalarla tanış oldu. Birliyin baş direktoru, xalq rəssamı, professor Kamil Əliyev Azərbaycan xalçaları barədə ətraflı məlumat verdi. Burada Prezident Georgi Pırvanov xatirə şəkli çəkdirdi. Kamil Əliyev Bolqarıstan Prezidentinin xanımına əl ilə toxunmuş xalça, Bolqarıstan dövlətinin başçısına isə Azərbaycan xalçaları haqqında kitab təqdim etdi.
Bolqarıstanlı qonaqlar Karvansarada da oldular. Burada Bolqarıstan rəhbəri və xanımı çay süfrəsinə dəvət edildilər, qədim musiqi alətləri ansamblının ifasında Azərbaycan musiqisini dinlədilər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa İçərişəhərin təsvir olunduğu rəsm əsəri təqdim etdi.
Sonra Bolqarıstan Prezidenti Bakının rəmzi sayılan Qız qalası ilə tanış oldu, bu abidə barədə ona məlumat verildi.
Bolqarıstan Prezidenti və onu müşayiət edən şəxslər Bakının mərkəzi hissəsində də gəzintiyə çıxdılar.