BOLQARISTAN PREZİDENTİ GEORGİ PIRVANOV BAŞ NAZİR ARTUR RASİZADƏ İLƏ GÖRÜŞMÜŞDÜR
Bolqarıstan dövlətinin başçısı Azərbaycana səfərini və aparılan danışıqları yüksək qiymətləndirmişdir. O, Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın işinin və bütövlükdə iqtisadi əlaqələrin fəallaşdırılmasının zəruriliyindən danışaraq, iki ölkənin işgüzar dairələrinin iştirakı ilə keçirilən biznes-forumun yekunlarından məmnun olduğunu bildirmişdir. Prezident Georgi Pırvanov ümidvar olduğunu söyləmişdir ki, Azərbaycanın və Bolqarıstanın yüksək iqtisadi potensialı sayəsində iki ölkə arasında ticarət-iqtisadi əlaqələr yeni, keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaqdır.
Baş nazir Artur Rasizadə ikitərəfli iqtisadi əlaqələrin inkişafının zəruriliyini vurğulayaraq bildirmişdir ki, iki ölkənin dövlət qurumları nümayəndələrinin və biznesmenlərin qarşılıqlı səfərləri sərmayəçilər üçün perspektivli sahələri üzə çıxarmağa kömək edəcəkdir. Azərbaycan hökumətinin başçısı qeyd etmişdir ki, Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ölkələrimizin xalqlarının mənafelərinə cavab verəcəkdir.