Böyük Britaniyaya qeyri-leqal immiqrantların göndərilməsinə görə 5 il həbs cəzası
Brüssel, 29 iyun, AZƏRTAC
Brüssel Məhkəməsi Böyük Britaniyaya qeyri-leqal immiqrantlar göndərən banda üzvlərinin hər birini beş il həbs cəzasına məhkum edib.
AZƏRTAC xəbər verir ki, məhkəmənin çıxardığı hökmə görə, bandanın sudanlı və eritreyalı üzvləri mütəşəkkil cinayətkar qrup yaradıblar. Onlar insanların Böyük Britaniyaya getmək arzusundan qazanc məqsədi ilə istifadə ediblər.
Cinayətkar dəstə 2018-ci ilin iyul-oktyabr aylarında Britaniya adalarına refrijeratorlarda azı 200 adam daşıyıb, onların hər birindən 2500 dollar alıb. Bir çox Belçika vətəndaşları tranzit miqrantları yaşayış yeri ilə təmin edərək cinayətkarlara kömək ediblər. Lakin onların heç biri məsuliyyətə cəlb olunmayıb.
Araşdırma polis Maksimilian parkında və Brüssel Şimal dəmir yolu vağzalında bir neçə qeyri-leqal miqrant yaxaladıqdan sonra başlayıb. Çox keçmədən “canlı yük” daşıyan dəstə həbs olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri