BÖYÜK MÜTƏFƏKKİR ƏLİBƏY HÜSEYNZADƏNİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” ÇAPDAN ÇIXMIŞDIR
“Ancaq tariximiz və keçmişdəki əkabiri-milliyyəmiz haqqında həqiqəti meydana çıxarmaq üçün əvvəl əmrdə özümüzü tanımalıyız. Yəni türklərin kim olduqlarını və kimlərdən ibarət bulunduqlarını, nərədən nəşət etdiklərini, neçə şöbəyə ayrıldıqlarını, bu gün nərədə sakin olduqlarını və nə namlar təhtində yaşadıqlarını göstərməliyik…”
AZƏRTAC xəbər verir ki, bu cümlələr “Şərq-Qərb” nəşriyyatında görkəmli ideoloq, istedadlı jurnalist, siyasi publisist, filosof, sosioloq, naşir, şair, ədəbiyyatşünas alim, linqvist, tərcüməçi, rəssam, musiqişünas, həkim Əli bəy Hüseynzadənin yenicə çap olunmuş “Seçilmiş əsərləri” kitabına daxil edilmiş və müxtəlif illərdə yazdığı bədii-publisistik irsinə dair nümunələrin birindən - “Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsindən götürülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı əsasında çap olunmuş kitabı filologiya elmləri namizədi Ofeliya Bayramlı tərtib etmişdir. Əsər mərhum alimin Əli bəy Hüseynzadəni xalqımıza tanıtmaq, onun elmi-ədəbi irsi ilə tanış etmək istiqamətində gördüyü işlərdən biridir.
XX əsrdə türk dünyası üçün misilsiz əhəmiyyət kəsb edən türkləşmək, islamlaşmaq, avropalaşmaq təliminin yaradıcısı olmuş dahi şəxsiyyətin əsərləri istər elmi-ədəbi, istərsə də milli məfkurə tariximizin öyrənilməsi baxımından əsas qaynaqlardan hesab olunur. Kitabdakı əsərlərin əksəriyyəti ötən əsrin əvvəllərində “Həyat” və “Füyuzat” qəzetlərində dərc edilmişdir.
Nəşrə daxil edilmiş əsərlərin, ümumiyyətlə, Əli bəy Hüseynzadə yaradıcılığının dərk olunmasında, anlaşılmasında kitaba mərhum alim Yaşar Qarayevin yazdığı “Əli bəyin irsi və varisləri…” adlı ön sözün böyük əhəmiyyəti vardır.
Kitabın elmi redaktoru və izahların müəllifi AzərTurandır.
######
