“Böyük qarın alqışı” adlı Vll Beynəlxalq Poeziya Festivalında Azərbaycan da təmsil olunub
Bakı, 17 oktyabr, AZƏRTAC
Rusiya Federasiyasının Saxa (Yakutiya) Respublikasında “Böyük qarın alqışı” adlı Vll Beynəlxalq Poeziya Festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi şairi və publisist, Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri Ramiz Qusarçaylı təmsil edib.
M.K.Ammosov adına Şimal-Şərqi Federal Universitetində təşkil olunan festivalının açılış mərasimində çıxış edən Ramiz Qusarçaylı ölkəmizlə bağlı geniş məlumat verib. Tədbirdə universitetin tələbələri R.Qusarçaylının rus və yakut dillərinə tərcümə olunmuş şeirlərini söyləyiblər.
Üç gün davam edən festival günlərində şair Semyon və yazıçı Safron Danilov qardaşlarının abidəsi önünə çiçək dəstələri qoyulub və onların doğulduğu kənddə ev-muzeyləri ziyarət olunub, eyni zamanda bir-birindən maraqlı görüşlər keçirilib.
Festivalın rəsmi bağlanış tədbirində Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf naziri Afanasi Noyev Ramiz Qusarçaylını Azərbaycan və Saxa (Yakutiya) respublikaları arasındakı yaradıcı xidmətlərimə görə Fəxri fərmanla təltif edib. Həmyerlimizə həmçinin Saxa (Yakutiya) Yazıçılar Birliyinin rəhbərliyi tərəfindən də Fəxri diplom və qiymətli hədiyyələr verilib.
Azərbaycanla yanaşı, Qazaxıstandan, Qırğızıstandan və Rusiyadan tanınmış yazıçı və şairlərinin iştirak etdikləri festival günlərində mədəniyyət və incəsənət xadimlərinin çıxışları, tanınmış müğənni və sənət ustalarının ifaları iştirakçılara unudulmaz anlar yaşadıb.
Festival tədbirlərində iştirakçılara ölkəmizin möhtəşəm qələbəsi, xalqımızın adət-ənənələri, ədəbiyyatımız barədə geniş məlumat verilib.
Qeyd edim ki, “Böyük qarın alqışı” adlı Beynəlxalq Poeziya Festivalı 2012-ci ildən etibarən Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf nazirliyi və Saxa(Yakutiya) Yazıçılar Birliyinin təşkilatçılığı ilə Saxa (Yakutiyanın) Xalq şairi, bütün yakutların sevimlisi Semyon Danilovun şərəfinə hər iki ildən bir keçirilir.