İQTİSADİYYAT
BP və tərəfdaşları Azərbaycanda altı ayda sosial investisiya layihələrinə 1 milyon dollardan artıq vəsait xərcləyib
![BP və tərəfdaşları Azərbaycanda altı ayda sosial investisiya layihələrinə 1 milyon dollardan artıq vəsait xərcləyib](/files/2023/3/1200x630/16970263686187560783_1200x630.jpeg)
Yevlax, 11 oktyabr, AZƏRTAC
Bu ilin birinci yarısında BP və tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda 1 milyon dollardan artıq vəsait xərcləyib. Layihələr yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə BP şirkətinin BTC boru kəməri üzərində yerləşən 2-ci Yevlax nasos stansiyasına təşkil etdiyi media-tur zamanı bildirilib.
Qeyd olunub ki, bu layihələrə 13 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən dörd layihə və ətraf mühit üzrə bir təşəbbüs daxildir. Ümumilikdə isə fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və onun əməliyyatçısı olduğu layihələrdəki tərəfdaşları ölkədəki sosial sərmayə layihələrinə təqribən 109 milyon ABŞ dolları vəsait xərcləyiblər.
BP və tərəfdaşları aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına da dəstək olur. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də ali təhsil müəssisələrinin fiziki imkanları məhdud, yaxud xüsusi qayğıya ehtiyacı olan məzunları daxildir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir - akademik biliklər və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 482 şagirdin 409-u (85%-i) ali məktəblərə daxil olub.
Qeyd edək ki, BP və tərəfdaşları bu layihəni yeddi ildir dəstəkləyirlər. Axırıncı mərhələ olan 2022-2023-cü tədris ilində layihə uğurla yekunlaşıb. 60 iştirakçıdan 54-ü yerli ali təhsil müəssisəsinə, 4-ü isə kollecə qəbul olub.