BTC Ko ŞİRKƏTİNİN İCRAÇI DİREKTORU MAYKL TAUNZENDİN ÇIXIŞI
Zati-aliləri Prezident Mixail Saakaşvili!
Hörmətli qonaqlar!
Bir müddət bundan əvvəl bura, sadəcə, boş bir sahə idi. Biz boş olan bir sahədə nadir hallarda toplaşırıq. Amma bu adi sahə deyil və bugünkü mərasim də qeyri-adi bir mərasimdir. Siz də adi qonaqlar deyilsiniz. Bu, hər cəhətdən çox əlamətdar bir tədbirdir və iki ölkəni əhatə edən, BTC-nin Azərbaycan və Gürcüstan sərhədində birləşməsini təmin edən bir mərasimdir. Bu qaynaq bizi BTC-nin tamamlanmasına daha da yaxınlaşdırır. 2005-ci ildə neft məhz bu boru ilə axacaqdır. Qlobal təhlükəsizliyin təmin olunması üçün neft axını başlayacaqdır. Ərsəyə gəlməkdə olan bu uzunmüddətli layihə zəmanəmizin ən möhtəşəm layihələrindəndir. Eyni zamanda, BTC zəmanəmizin ən möhtəşəm inşaat və mühəndis layihələrindən biridir. Bugünkü “qızıl qaynaq”, BTC-də 15 min qaynaqdan biri olacaqdır.
Bakı-Tbilisi-Ceyhan adi boru kəmərindən daha çox məna kəsb edir. Bu, insanlarla bağlı bir layihədir və hər kəsin maraqlarına cavab verir. Layihənin həyata keçirilməsində qarşılıqlı inam da mühüm rol oynayır. Biz bu inamı Tbilisidə bir həftə öncə ətraf mühitin vahidliyi və təhlükəsizlik problemləri ilə bağlı görüşümüz zamanı möhkəmləndirdik. Ətraf mühitin qorunması, təhlükəsizliyi və sosial problemləri əhatə edən beş illik və 60 milyon dollarlıq iki protokol imzalandı. Bu protokollar Gürcüstanın Baş nazirinin iştirakı ilə imzalandı.
Azərbaycan və Gürcüstan sərhədlərini əhatə etməyimiz BTC üçün bir növ bu ölkələr qarşısında götürdüyümüz uzunmüddətli öhdəliklərin nişanəsidir. Qonaq olaraq, bu, bizə 40 illik müddətə verilmiş bir imkandır və ondan səmərəli istifadə edirik. BTC və tərəfdaşları adından mən Azərbaycan və Gürcüstan prezidentlərinə öz təbriklərimi çatdırıram. Bugünkü tədbir həm onların, həm də bizim bu müstəsna layihənin müvəffəqiyyəti üçün götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinin bir simvoludur.