“BTC Ko” ŞİRKƏTİNİN YENİ BAŞ İCRAÇI DİREKTORU AZƏRBAYCANLIDIR
Bununla əlaqədar “bp-Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord AZƏRTAC-ın müxbirinə demişdir ki, bu dövlət mükafatı Mayklın və onun rəhbərliyi ilə işləyən “BTC Ko” şirkətinin bütün kollektivinin gördüyü möhtəşəm işə verilən qiymətdir. Fürsətdən istifadə edərək Prezident İlham Əliyevə “BTC Ko” şirkətinin baş icraçı direktorunu Azərbaycanın dövlət ordeni ilə mükafatlandırdığına görə təşəkkür edirəm. İyunun 4-də Azərbaycan nefti ilə doldurulmuş ilk tankerin Ceyhandan yola salınması və BTC-nin uğurla tamamlanması Maykl Taunzendin həqiqətən dünya səviyyəli bir layihəni yüksək səviyyədə həyata keçirməsinin göstəricisidir.
D.Vudvord qeyd etmişdir ki, Maykl Taunzend iyunun sonunda Azərbaycandan gedərək bp-də yeni bir vəzifə tutacaqdır. Azərbaycandakı vəzifəsində Maykl Taunzendi Rəşid Cavanşir əvəz edəcəkdir. O, şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə boyunca qurudakı birləşmiş neft və qaz qəbulu, texnoloji emalı və ixracı əməliyyatlarına rəhbərlik etməklə yanaşı, həm də BTC-nin baş icraçı direktoru vəzifəsini tutacaqdır.
Rəşid Cavanşir beynəlxalq aləmdə tanınmış alim və Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür. 2003-cü ildən bəri Aberdində bp-nin Şimal dənizinin cənub hissəsindəki biznesinə rəhbərlik edən vitse-prezident kimi çalışdığı axırıncı vəzifəsi də daxil olmaqla, son beş il ərzində bp-nin Böyük Britaniyadakı ofislərində yüksək vəzifələrdə işləyən Rəşid Cavanşir yenidən “bp-Azərbaycan” şirkətinə qayıdır və biz bundan çox şad olduq.