BU BİZƏ, İNDİKİ NƏSLƏ LAZIMDIR!
AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbiri xəbər verir ki, Azərbaycan səfirliyinin Xarkov vilayətindəki fəxri müşaviri Qurban Abbasov Xarkov şəhərinin küçələrindən birinə Sovet İttifaqı Qəhrəmanı Fariz Məcid oğlu Səfərovun adının verilməsi xahişi ilə vilayət və şəhər hakimiyyət orqanlarına müraciət etmişdir. Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş qəhrəman həmvətənimiz 21 yaşında cəbhəyə getmişdir. F.Səfərov 1943-cü ildə Ukrayna torpağında vuruşmuşdur. O, 25-ci qvardıya atıcı diviziyasının 78-ci qvardiya atıcı polkunun sıralarında Xarkov ətrafında döyüşmüşdür. 1944-cü il martın 19-da göstərdiyi şücaətə və igidliyə görə Fariz Səfərova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Qurban Abbasov müxbirimizlə söhbətində demişdir ki, şanlı həmyerlimizin adı artıq Dnepropetrovskdakı “Dnepr uğrunda döyüş” dioramında əbədiləşdirilmişdir. Xalqımızın cəsur oğlu Fariz Səfərovun azad etdiyi Xarkovun küçələrindən birinə onun adının verilməsinə nail olmaq bizim müqəddəs borcumuzdur.