REGİONLAR
Bu il Balakəndə rekord miqdarda qarğıdalı istehsal olunub
Balakən, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalı əkini üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi ötən illə müqayisədə 62 hektar artırılaraq 7 min 577 hektara çatdırılıb. Təsərrüfatlarda qarğıdalı yığımı artıq başa çatıb. Balakənli fermerlər bu il qarğıdalı sahələrindən rekord miqdarda – 47 min 735 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 63 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1447 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Sektor müdirinin sözlərinə görə, Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə bu il də respublikada birincilər sırasındadır.
Xatırladaq ki, keçən il balakənli fermerlər 7 min 515 hektar sahədən 46 min 288 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 61,5 sentner məhsul götürülüb. Qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 1200 tonadək artıb.