BU İLİN BİRİNCİ RÜBÜNDƏ SUMQAYITIN İNKİŞAFININ YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Sumqayıtda keçirilən yığıncaqda bu ilin birinci rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur. Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev məruzə ilə çıxış edərək, son dörd ildə ölkəmizdə baş vermiş əhəmiyyətli hadisələr və sosial-iqtisadi nailiyyətlər üzərində ətraflı dayanmış, dövlətimizin başçısı İlham Əliyevin Nazirlər Kabinetinin bu ilin ilk üç ayı ərzində Azərbaycanın inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıya qoyduğu məsul vəzifələri xatırlatmışdır.
Sonra natiq şəhərin nailiyyətlərindən ətraflı söhbət açdı, onun bütün sahələrinin və qurumlarının fəaliyyətini təhlil edərək bildirdi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalın həcmi iki dəfə artmış, 165 milyon manatlıq məhsul istehsal olunmuşdur. Şəhərdə sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılmışdır. İstehsalatda özəl sektorun payı artmış, onun xüsusi çəkisi 72 faiz təşkil etmişdir. Şəhər iqtisadiyyatının və sosial sahənin inkişafına 40 milyon manat vəsait yatırılmışdır. Son dörd ildə Sumqayıtın inkişafına 1 milyard 240 milyon manatdan yuxarı sərmayə qoyulmuşdur.
V.Əliyev 90 milyon manatlıq məhsul hazırlayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsalın həcminin 2,3 dəfə artmasına nail olmuş bir sıra iri müəssisələrin fəaliyyətini müsbət qiymətləndirərək qeyd etdi ki, ilin əvvəlindən yeni müəssisələr və fəaliyyəti dayandırılmış bəzi istehsalat sahələri işə salınmışdır. Hesabat dövründə şəhərdə 945 yeni, o cümlədən 332 daimi iş yeri yaradılmışdır. Ümumən, 2003-cü ilin oktyabrından bəri Sumqayıtda 32700 yeni iş yeri açılmışdır.
Məruzəçi hesabat dövründə tikintinin, nəqliyyatın, telekommunikasiyaların, səhiyyənin, təhsilin, mədəniyyətin və idmanın, habelə şəhər təsərrüfatı xidmətlərinin və sosial sahənin inkişafı haqqında konkret rəqəmlər və faktlar əsasında ətraflı məlumat verdi. Bildirdi ki, tikinti və abadlıq işlərinin geniş vüsət alması və şəhərin intensiv inkişafı Prezident İlham Əliyevin Sumqayıtın tərəqqisinin təmin olunmasına daim diqqət və qayğı göstərməsinin nəticəsidir.
Natiq ümummilli lider Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla həyata keçirən dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirərək xüsusi vurğuladı ki, sumqayıtlılar respublikamızın rəhbəri İlham Əliyevi dəstəkləyir və onun simasında ölkəmizin alternativsiz Prezidentini görürlər.
Şəhərin müəssisə və təşkilatlarının rəhbərləri çıxışlarında Sumqayıtın dinamik inkişafından danışaraq təhsil müəssisələrinin, mədəniyyət və səhiyyə idarələrinin, mənzil fondunun, yol təmiri və tikintisinin, abadlıq və yaşıllaşdırma işlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işləri vurğuladılar.
Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.