İQTİSADİYYAT
Bu ilin birinci yarısı paytaxtın Yasamal rayonu üçün uğurlu olub
![Bu ilin birinci yarısı paytaxtın Yasamal rayonu üçün uğurlu olub](/files/2014/2/1200x630/14087124713546746842_1200x630.jpg)
Bakı, 18 iyul (AZƏRTAC, Samirə Allahverdiyeva). İyulun 18-də Yasamal Rayon İcra Hakimiyyətində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlərlə bağlı yığıncaq keçirildi.
AZƏRTAC xəbər verir ki, toplantıda rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, bu il rayonda həyata keçirilən tədbirlər müxtəlifliyinə və həcminə görə əvvəlki illərdən xeyli çox olub. Bu tədbirlərin icrasına cəlb olunan şəxslərdən çox böyük diqqət, operativlik, intizam və məsuliyyət hissi tələb edilib.
İ.Mehdiyev qeyd etdi ki, rayonun uğurlarının təməlində dövlətimizin başçısının apardığı düşünülmüş siyasət, ölkədə hökm sürən sabitlik amili dayanır. Bu ilin 6 ayında rayonda istehsal edilən sənaye məhsulunun ümumi həcmi 30 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 718 milyon manat olub. Rabitə xidmətlərinin həcmi 233 milyon manata, ümumi investisiyadan tikinti-quraşdırma işləri 358 milyona manat çatıb. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə 230 və 100,8 faiz təşkil edir.
Hesabat dövründə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 12,6 faiz artaraq 600 manata çatıb. Bu rəqəm ümumi respublika göstəricisindən də yüksəkdir. İlin birinci yarısında rayonda 2022 yeni iş yeri açılıb. Onlardan 245-i yeni yaradılmış müəssisələr, 128-i mövcud və bərpa olunmuş müəssisələr, 1649-u isə fiziki şəxslər tərəfindən təmin olunub.
Yığıncaqda bildirildi ki, Prezident İlham Əliyevin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Yasamal rayonu üzrə 17 tədbirin icrası nəzərdə tutulub. Artıq onlardan 8-nin icrasına başlanılıb.
Hesabat dövründə rayon ərazisində iri həcmli abadlıq-quruculuq və yaşıllaşdırma işləri həyata keçirilib. Bu dövrdə 3 yaşayış binasının fasadında yenidənqurma və bərpa işləri başa çatdırılıb, 9 binada isə bu işlər davam etdirilməkdədir.
Diqqətə çatdırıldı ki, 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar rayonda da iri həcmli tədbirlər həyata keçirilir. Əsas hərəkət marşrutuna daxil olduğu üçün H.Zərdabi küçəsi, Mətbuat və Tbilisi prospektlərində yaşıllaşdırma və abadlıq işləri aparılır. Bu küçə və prospektlərdə 1400 paqonmetr bordür qoyulmuş, 3400 kvadratmetr qazon salınıb, 2500 paqonmetr su xətti çəkilib, işıqlandırma sistemi yenidən qurulub, 1600 kvadratmetr sahədə abadlıq işləri görülüb. Mətbuat prospektindəki yaşayış evlərinin fasadına eyni ornamentli üzlük vurularaq vahid formada tərtibat işləri aparılmaqdadır.
Rayon icra hakimiyyətinin başçısı, həmçinin vurğuladı ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rayona hər bir gəlişi həyata keçirilən irimiqyaslı quruculuq işlərinə yüksək qiymət verilməsi kimi qəbul edilərək bütün rayon ictimaiyyətinin fərəh və sevincinə səbəb olması bizim üzərimizə daha çox məsuliyyət yükü qoyur.
İbrahim Mehdiyev əmin etdi ki, Yasamal rayonunda Prezident İlham Əliyevin bütün tapşırıq və göstərişlərinin icrası vaxtında və yüksək keyfiyyətlə təmin olunacaq.
Tədbirdə çıxış edənlər rayonda görülmüş işləri yüksək qiymətləndirdilər və qarşıda duran vəzifələrdən danışdılar.