İQTİSADİYYAT
Bu ilin doqquz ayında Astarada sosial məsələlərin həllinə diqqət artırılmışdır
Astara, 23 oktyabr (AZƏRTAC). Astara Rayon İcra Hakimiyyətində Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrə dair geniş şura iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, hesabat dövründə 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi-Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının yenidən qurulması və asfaltlaşdırılması başa çatdırılmışdır.
Qeyd olunmuşdur ki, tikinti-quruculuq və abadlıq işləri rayonun qəsəbə və kəndlərində də davam etdirilmişdir. Təhsil, səhiyyə, rabitə, elektrik enerjisinin verilişi və digər sahələr üzrə əməli tədbirlər həyata keçirilmişdir.
Doqquz ayda rayon əhalisinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə 1539 evin qazlaşdırılması təmin edilmişdir.
Bu dövrdə rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də uğurlar qazanılmışdır. 379 ton buğda, 42 min 634 ton tərəvəz, 10 min 664 ton kartof, 343 ton yaşıl çay yarpağı, 674 ton çəltik istehsal edilmişdir.
Hesabat yığıncağında çıxış edənlər bu ilin doqquz ayında sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildirmişlər.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.