İQTİSADİYYAT
Budəfəki hərracda kiçik dövlət müəssisəsi və nəqliyyat vasitələri özəlləşdirilib
Bakı, 14 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 14-də keçirilən növbəti hərracda kiçik dövlət müəssisə və obyektləri, yarımçıq tikili və nəqliyyat vasitələri özəlləşdirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ən böyük ümumi faydalı sahəsi olan kiçik dövlət müəssisəsi Tovuz rayonu, Əyyublu kəndində yerləşir. Dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 2054 kvadratmetr, tikilinin ümumi faydalı sahəsi isə 763,5 kvadratmetrdir. İştirakçı kiçik dövlət müəssisəsini 33 min manata özəlləşdirib. Oğuz rayonu, Calut kəndindəki dövlət müəssisəsinin də geniş torpaq ərazisi mövcuddur. Belə ki, ümumi faydalı sahəsi 66 kvadratmetr olan tikili 2645 kvadratmetrlik torpaq sahəsi ilə birgə özəlləşdirilib. İsmayıllı rayonu, Əhən kəndində tikintisi yarımçıq qalmış inzibati binanın torpaq sahəsi 3259 kvadratmetrdir. İştirakçı həmin dövlət əmlakını 6 min 500 manata özəlləşdirib.
Nəqliyyat vasitələrinin özəlləşdirilməsi üzrə budəfəki hərrac rəqabətli keçib. Belə ki, buraxılış tarixi 2004-cü il olan “Mercedes Benz” markalı avtomobil üçün ilkin qiymət 6 min manat təyin olunub. Nəqliyyat vasitəsinin hərracında 4 sifarişçinin fəal iştirakı son qiyməti 10 min 200 manata yüksəldib. Digər nəqliyyat vasitələrindən 2005-ci il istehsalı olan “Nissan Maxima” avtomobilinin hərracda başlanğıc qiyməti 3 min manat olub, qalib iştirakçı 5 min manat təklif edərək avtomobili özəlləşdirib.
Komitə tərəfindən növbəti hərrac mayın 21-də keçiriləcək. İnvestorlar növbəti hərracda 19 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketləri üzrə seçim edə bilər. Səhmdar cəmiyyətlərindən 8-i inşaat, 6-sı aqrar, 5-i isə sənaye, nəqliyyat və xidmət sektorlarına aiddir.
Əmlak Məsələləri Dövlət Komitəsi sifarişçilərlə bərabər, prosesə marağı olan şəxslərin hərraclarda canlı və onlayn formada iştirakını təmin edir. Belə ki, açıq hərraclara olduğu yerdən qoşulmaq istəyən hər kəs təyin olunan vaxtda müvafiq linkə daxil ola bilər (e-emdk.gov.az/eHerrac/Home/Presentation). Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda əlçatan xidmətlər və müasir şərait vətəndaş məmnunluğunun artırılmasına yönəlib.