Komitə sədri: Dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitin 99,9 faizinin icrası təmin edilib
Bakı, 31 may, AZƏRTAC
Dövlət büdcəsindən təhsil üçün ayrılmış 4 milyard 129,9 milyon manatın 99,9 faizinin icrası təmin edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili mayın 31-də parlamentin iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən deyib.
Komitə sədri qeyd edib ki, hesabat ilində təhsil xərcləri ümumi daxili məhsulun (ÜDM) 3,4 faizini, dövlət büdcəsi xərclərinin isə 11,3 faizini təşkil edib. İcra edilmiş bu xərclər hesabına dövlət sifarişi üzrə bakalavriat səviyyəsi üzrə 100 min 726 nəfərin (əvvəlki illə müqayisədə 15 min 378 nəfər çox), magistratura səviyyəsi üzrə 12 min 977 nəfərin, rezidentura səviyyəsi üzrə 2048 nəfərin, doktorantura səviyyəsi üzrə 619 nəfərin təhsil və təqaüd xərcləri ödənilib.
Bildirilib ki, eyni zamanda, məcburi köçkün statuslu 16 min 841 nəfərin, şəhid və əlil olmuş şəxslərin uşaqları olan 2464 nəfərin, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 1208 nəfərin təhsil və təqaüd xərcləri dövlət büdcəsindən ödənilib.
2023-cü ildə elm üçün ayrılmış xərclər 193,8 milyon manat və ya 99,6 faiz həcmində icra olunub. Hesabat ilinin elm xərcləri ÜDM-in 0,2 faizini təşkil edib.