Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH
Bakı, 11 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin kənd təsərrüfatına həsr olunmuş müşavirədə səsləndirdiyi yanaşmalar və dövlət proqramında nəzərdə tutulan hədəflər Azərbaycanın aqrar sektorda yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, iqtisadçı-ekspert Aslan Əzimzadə deyib.
O bildirib ki, ölkə aqrar sektorda ekstensiv inkişaf modelindən intensiv və innovativ inkişaf modelinə keçid mərhələsinə daxil olur: “Əgər əvvəlki dövrlərdə əsas prioritet kənd təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsi, infrastrukturun yaradılması və istehsal imkanlarının genişləndirilməsi idisə, hazırda diqqət məhsuldarlığın artırılmasına, rəqabətqabiliyyətli istehsalın formalaşdırılmasına və yüksək əlavə dəyər yaradan aqrar iqtisadiyyatın qurulmasına yönəlib. İqtisadiyyatın dayanıqlılığının təmin olunması üçün məhz əlavə dəyər yaradan məhsulların istehsalı olduqca vacibdir”.
Ekspertin sözlərinə görə, müasir texnologiyaların aqrar sektora tətbiqi məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına imkan yaradır: “Bu gün altıncı texnoloji quruluşun formalaşması çərçivəsində nano və biotexnologiyalar, hüceyrə mühəndisliyi, eləcə də rəqəmsal həllərin kənd təsərrüfatına tətbiqi bəzi tədqiqatlara görə məhsuldarlığı 30-35 faizədək artırmağa imkan verir. Bu yanaşmanın əsas xüsusiyyəti aqrar siyasətin yalnız istehsal göstəricilərinə deyil, bütövlükdə dəyər zəncirinin inkişafına yönəlməsidir”.
A.Əzimzadə qeyd edib ki, torpaq və su resurslarından səmərəli istifadə, emal sənayesinin genişləndirilməsi, logistika infrastrukturunun inkişafı, rəqəmsal həllərin tətbiqi və ixracyönümlü istehsalın təşviqi kənd təsərrüfatını iqtisadiyyatın daha məhsuldar və dayanıqlı sahələrindən birinə çevirə bilər: “Bu yanaşma regionların sosial-iqtisadi inkişafını sürətləndirəcək, məşğulluğu artıracaq və kənd yerlərində rifahın yüksəlməsinə xidmət edəcək”.
İqtisadçı hesab edir ki, müəyyən edilmiş prioritetlər Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi strategiyası ilə tam uzlaşır: “Məhsuldarlığın artırılması ilk növbədə mövcud resurslardan daha yüksək iqtisadi nəticə əldə etməyə imkan verir. Xüsusilə taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlıq sahələrində nəzərdə tutulan məhsuldarlıq artımı daxili bazarın təminat səviyyəsini yüksəldəcək və idxaldan asılılığın azalmasına şərait yaradacaq”.
Ekspert vurğulayıb ki, ixrac potensialının genişləndirilməsi qeyri-neft ixracında aqrar məhsulların payının artırılmasına xidmət edəcək: “Dövlət proqramında nəzərdə tutulan emal müəssisələrinin, soyuducu anbarların, logistika mərkəzlərinin və istixana komplekslərinin inkişafı ixracın həm həcminin, həm də əlavə dəyərinin artmasına imkan verəcək”.
Ərzaq təhlükəsizliyi məsələsinə də toxunan A.Əzimzadə bildirib ki, bu istiqamət qlobal geosiyasi proseslər və iqlim dəyişiklikləri fonunda xüsusi əhəmiyyət daşıyır: “Yerli istehsalın artırılması ölkənin xarici bazarlardakı qiymət dəyişikliklərinə və təchizat risklərinə qarşı dayanıqlılığını gücləndirəcək, əhalinin keyfiyyətli və əlçatan ərzaq məhsulları ilə təminatına əlavə zəmanət verəcək”.
Onun sözlərinə görə, aqrar sektorun rəqabət qabiliyyətinin artırılmasında texnologiya və innovasiyalar əsas rol oynayır: “Peyk müşahidələri, coğrafi informasiya sistemləri, sensor texnologiyaları və süni intellekt əsaslı həllər torpaq və su resurslarından daha səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa və istehsal xərclərini azaltmağa imkan verir”.
Ekspert əlavə edib ki, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır: “Su resurslarının məhdudlaşdığı şəraitdə bu texnologiyalar həm məhsuldarlığın artırılmasına, həm də su itkilərinin minimuma endirilməsinə xidmət edir”.
A.Əzimzadə aqrar təhsil, elm və innovasiya ekosisteminin gücləndirilməsini də prioritet istiqamətlərdən biri kimi dəyərləndirib: “Fermerlərin bilik və bacarıqlarının artırılması, aqrar məsləhət xidmətlərinin inkişafı, tədqiqat institutları ilə istehsalçılar arasında əməkdaşlığın genişləndirilməsi innovasiyaların praktik tətbiqini sürətləndirə bilər. Kənd təsərrüfatının rəqəmsallaşdırılması, aqrar məlumat bazalarının inteqrasiyası və elektron xidmətlərin genişləndirilməsi idarəetmənin səmərəliliyini artıracaq və sektorun uzunmüddətli rəqabət qabiliyyətini gücləndirəcək”.
Müxbir - Pərvanə Qafarova