Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?
AQTİ-nin eksperti arıqlama çayları və kofeləri ilə bağlı xəbərdarlıq edib
Bakı, 11 iyun, AZƏRTAC
Son zamanlar sosial şəbəkələrdə qısa müddətdə arıqlama vəd edən çay, kofe və ya şokolad kimi məhsulların reklamlarına tez-tez rast gəlinir. Yay mövsümü ilə əlaqədar bu məhsullara maraq da artır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə vasitələr sağlam və qalıcı arıqlama təmin etmir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, satışda olan arıqladıcı məhsulların heç biri piyləri yandırmır və uzunmüddətli çəki itkisinə səbəb olmur. Onun sözlərinə görə, bu məhsullardan istifadə edən şəxslər tərəzidə çəkinin azaldığını müşahidə edə bilərlər. Lakin bu, əsasən, orqanizmdən suyun itirilməsi və əzələ kütləsinin azalması ilə bağlıdır.
Ekspert qeyd edir ki, bəzi məhsulların tərkibində gizli və istifadəsi qadağan olunmuş maddələr aşkarlanır: “Xüsusilə infarkt və digər ürək-damar xəstəlikləri riskini artıran “sibutramin” maddəsi ciddi təhlükə yaradır. Belə çay və kofelərin qəbulu ürək döyüntülərinin sürətlənməsinə, arterial təzyiqin yüksəlməsinə, həmçinin qaraciyər və böyrəklərin fəaliyyətinin pozulmasına səbəb ola bilər”.
Tutu Zeynalova çəki azaltmaq istəyən insanlara sağlam və balanslı qidalanmağı, fiziki aktivliyi artırmağı tövsiyə edib.
Daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.