Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Mərkəzin elektron xidmətlər, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Ulu Öndər Heydər Əliyevin həyatı və müasir Azərbaycan tarixindəki fəaliyyətindən danışıb.
Ulu Öndər Heydər Əliyevin bütün həyatını Azərbaycanın inkişafına həsr etdiyini diqqətə çatdıran Qurban Yetirmişli Ümummilli Liderin keçmiş sovetlər dönəmindəki siyasi fəaliyyətinə toxunarkən bildirib ki, Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbərliyə başlamasından qısa müddət sonra respublikamız keçmiş sovet respublikaları arasında öz inkişaf dinamikasına görə ön sıralarda idi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən hadisələrə toxunarkən professor bildirib ki, həmin dövrdə ölkədə baş verən siyasi xaos, müəyyən qruplar arasında baş verən siyasi çəkişmələr və hakimiyyət uğrunda savaş Azərbaycanın bir dövlət kimi müstəqilliyini sual altında qoyub. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanın dövlət müstəqilliyini qorumaqla yanaşı, həm də dövlət kimi yenidən qurulması və inkişaf etdirilməsi demək idi.
“Azərbaycan xalqı həmin çətin günlərdə yalnız Ümummilli Lider Heydər Əliyevə inanırdı. Çünki hər kəs bilirdi ki, yenicə müstəqillik əldə etmiş Azərbaycanı dövlət kimi məhv olmaqdan yalnız Ulu Öndər kimi şəxsiyyət xilas edə bilər. Ümummilli Lider yenidən siyasi hakimiyyətə qayıtdı və Azərbaycanı bir çox bəlalardan xilas etdi. Azərbaycanın karbohidrat ehtiyatlarının dünya bazarına çıxarılması üçün 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Baxmayaraq ki, o zamanlar bir çox xarici dövlətlər bununla bağlı Azərbaycana təzyiq etməyə çalışırdılar. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın iqtisadi inkişaf mərhələsi başladı. Ulu Öndərin müdrik siyasətinin nəticəsidir ki, biz bu gün müasir və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq”.
Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən RSXM rəhbəri diqqətə çatdırıb ki, bu gün Azərbaycanın nəinki regionda, dünya ölkələri arasında öz yeri və nüfuzu var: “Ali Baş Komandanın, ordumuzun, əsgərlərimizin, zabitlərimizin, şəhidlərimizin və qazilərimizin sayəsində Qarabağımız azadlığına qovuşub. İşğaldan azad edilmiş torpaqlarımızda yenidən həyat canlanır. Bu gün Azərbaycan regionun lider dövlətidir. Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bütün ölkələr Azərbaycanla əməkdaşlıq etməyə çalışır. Ölkə başçımız dünyada siyasi lider kimi böyük nüfuza sahibdir. Bütün bu inkişaf və bugünkü müstəqil, suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycan Ulu Öndərimizin siyasi yolunun uğurla davam etdirildiyini bir daha göstərir”.
Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.