Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Şuranın sədri Rəşad Məcid qanun layihəsinin müasir rəqəmsal çağırışlardan irəli gəldiyini bildirib. O qeyd edib ki, uşaqların informasiya təhlükəsizliyinin təmin olunması, onların zərərli məzmunun təsirindən qorunması və sağlam informasiya mühitində formalaşması dövlət və cəmiyyət qarşısında duran vacib vəzifələrdəndir. Sədr vurğulayıb ki, təklif olunan dəyişikliklər bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xidmət edir.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, son illərdə sosial media platformalarında paylaşılan materiallar valideynlər və uşaqların zərərli və arzuolunmaz məzmunla qarşılaşması hallarını artırıb. “Azərbaycanda uşaqların ən çox istifadə etdiyi sosial şəbəkə məhz “TikTok” platformasıdır. Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması nəzərdə tutulur. Eyni zamanda, 16–18 yaşarası yeniyetmələr yalnız hüquqi əsaslarla təmin edilən valideyn icazəsi ilə sosial şəbəkələrdə hesab aça biləcəklər”, – deyə o əlavə edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas isə çıxışında bildirib ki, qanun layihəsinin əsas məqsədi 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır. O qeyd edib ki, tələb birbaşa uşaqlara deyil, sosial platformalara yönəlib. Bu məsələdə əsas məsuliyyət və nəzarət həm də valideynlərin üzərinə düşür. Valideynlər uşaqlarının rəqəmsal mühitdə fəaliyyətinə nəzarət etməli, onların təhlükəsiz internet istifadəsini təmin etmək üçün müvafiq tədbirlər görməlidirlər.
Müzakirələr zamanı Şuranın üzvləri, media nümayəndələri və digər iştirakçılar qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparıb, təklif və rəylərini səsləndiriblər.
Qeyd olunub ki, ictimai müzakirələrin əsas məqsədi qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin mahiyyətinin ictimaiyyətə çatdırılması, media və informasiya mühitinə mümkün təsirlərinin dəyərləndirilməsi, eləcə də maraqlı tərəflərin rəy və təkliflərinin öyrənilməsidir.
15:19
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, müzakirələrin əsas məqsədi qanun layihəsində nəzərdə tutulan dəyişikliklərin mahiyyətinin ictimaiyyətə çatdırılması, media və informasiya mühitinə mümkün təsirlərinin dəyərləndirilməsi, eləcə də maraqlı tərəflərin rəy və təkliflərinin öyrənilməsidir.