Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
Astana, 11 iyun, AZƏRTAC
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məsələləri Astanada keçirilən C5+1 Kritik Minerallar Dialoqunun iştirakçıları tərəfindən müzakirə edilib.
AZƏRTAC Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, tədbir çərçivəsində qlobal dəyər və təchizat zəncirlərinin inkişafı məsələlərinə həsr olunmuş tematik sessiya təşkil olunub.
İştirakçılar Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişaf perspektivlərini, investisiyaların cəlb edilməsini və ölkə daxilində yüksək əlavə dəyərin yaradılmasını müzakirə ediblər.
Sessiyanın işində Mərkəzi Asiya ölkələri, ABŞ-dən olan dövlət orqanlarının rəhbərləri və sənaye şirkətlərinin nümayəndələri iştirak ediblər.
Amerika tərəfi kritik vacib mineralların ixrac potensialının inkişaf etdirilməsində və təchizat zəncirlərinin dayanıqlılığının artırılmasında maraqlı olduğunu bildirib.
Tədbirdən sonra iştirakçılar sənaye əməkdaşlığının inkişaf etdirilməsinin, investisiyaların cəlb edilməsinin və ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.