Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?
Bakı, 11 iyun, AZƏRTAC
Parklanma yerlərinin xüsusi qaydada təşkil olunmasını ümumilikdə yol hərəkətinin tənzimlənməsi istiqamətində müsbət addım kimi qiymətləndirmək olar. Lakin bu sistemin müəyyən çatışmazlıqları da mövcuddur.
Nəqliyyat eksperti Aslan Əsədov AZƏRTAC-a açıqlamasında bildirib ki, bəzi hallarda parklanma yerlərinin hərəkət hissəsinə həddindən artıq yaxın təşkil edilməsi sürücülər arasında mübahisələrə, eləcə də nəqliyyat axınının ləngiməsinə səbəb olur.
“Xüsusilə işıqfordan sağa dönən zaman sürücülərin sağ zolağa daxil olması prosesində digər nəqliyyat vasitələri ilə toqquşma riskinin artması hərəkətin təşkilinə mənfi təsir göstərir. Digər tərəfdən, parklanma zonalarının əhatə dairəsinin genişləndirilməsi şəhər mərkəzində və ona yaxın ərazilərdə yaşayan sakinlər üçün müəyyən narahatlıqlar yaradır. Bununla yanaşı, parklanma sisteminin tətbiqi nəqliyyatın dövriyyəsinin artırılması və şəhər daxilində hərəkətin daha nizamlı təşkili baxımından müsbət addım kimi dəyərləndirilir. Ümumilikdə, parklanma sisteminin daha düzgün planlaşdırılması və yol infrastrukturuna uyğunlaşdırılması nəqliyyat axınının səmərəliliyini daha da artıra bilər”, - deyə Aslan Əsədov vurğulayıb.