Futbol üzrə Xaçmaz birinciliyinin qalibləri mükafatlandırılıb
Xaçmaz, 31 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Milli Qəhrəman Yavər Şahbazovun və şəhidlərimizin xatirəsinə həsr edilən futbol birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnirdə Xaçmazla yanaşı, Quba və Qusar rayonlarından olan, ümumilikdə, 24 komanda medallar uğrunda mübarizə aparıb.
Bir aya yaxın davam edən yarışın final qarşılaşmasında Xaçmazın “Qoçaqlı” və Qusarın “Şirvanovka” komandaları üz-üzə gəlib.
Beş minə yaxın azarkeşin izlədiyi qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən tərəflər on bir metrlik cərimə zərbələri ilə mübarizəyə yekun vurublar. Penaltilərdə daha dəqiq olan “Qoçaqlı” komandası turnirin qalibi olub.
Birinciliyin mükafatlandırma mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu kimi idman yarışlarının əhəmiyyətindən danışıb. Bildirilib ki, hər il keçirilən futbol üzrə rayon birinciliyinin gələcək nəslin sağlam və vətənpərvər ruhda böyüməsi üçün xüsusi önəmi var.
Sonda qalib komandaya kubok, medallar və həvəsləndirici mükafatlar təqdim olunub.