“Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda praktiki təlim keçirilib
Bakı, 31 may, AZƏRTAC
Salyan rayonunda ətraf rayonların aprobasiya prosesinə cəlb edilən mütəxəssislərin iştirakı təmin olunmaqla aprobasiya prosesi üzrə nəzəri və praktiki biliklərin inkişaf etdirilməsi, aprobasiyaya hazırlığın təmin edilməsi, habelə aprobasiya prosesində şəffaflığın qorunması və keyfiyyətin artırılması məqsədilə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda praktiki təlim keçirilib.
Aqrar Xidmətlər Agentliyindən (AXA) AZƏRTAC-a bildirilib ki, Salyan Dövlət Sort-Sınaq Məntəqəsində iştirakçıların hazırladığı taxıl sahələrinə baxış keçirilib.
AXA Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Fikrət Feyziyev aprobasiyanın reallaşması mexanizmi, sort təmizliyinin müəyyən edilməsi, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsinin, məhsuldarlığının düzgün təyin edilməsi üsulları, aprobasiya aktının tərtibi barədə danışıb.
Sonda tədbir iştirakçılarına bukletlər və lazımi informasiya materialları paylanılıb. Onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.