İDMAN
Azərbaycan millisinin futzalçısı püşkü dəyərləndirib: İndi asan rəqib yoxdur
![Azərbaycan millisinin futzalçısı püşkü dəyərləndirib: İndi asan rəqib yoxdur](/files/2024/2/1200x630/1717141893293035795_1200x630.jpg)
Bakı, 31 may, AZƏRTAC
“İndi asan rəqib yoxdur. Bütün komandalar çox inkişaf ediblər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli "Avro-2026"nın əsas mərhələsinin püşkatması barədə danışarkən deyib.
O, Xorvatiya millisinin çətin rəqib olduğunu bildirib: “Bu komanda ilə daha əvvəl oynamışıq. Qalib də gəlmişik, məğlub da olmuşuq. Dekabra kimi vaxtımız var. Düzdür, bu, uzun zaman kimi görünsə də, bizim üçün qısadır. Çünki bütün oyunçular istirahətə yollanıblar. Daha sonra ölkə çempionatı start götürəcək. Millinin bir arada hazırlaşması üçün çox vaxt olmayacaq”.
Onun sözlərinə görə, yığmanın heyətindəki dəyişikliklər komandanın çıxışına təsir edəcək: “Bildiyiniz kimi, artıq yığmada yerli oyunçular çıxış edirlər. Dünya çempionatının seçmə mərhələsinin Niderland və Rumıniya ilə oyunlarında, eləcə də Gürcüstanla yoldaşlıq görüşlərində öz futzalçılarımıza şans verdik. Əvvəllər favorit hesab edilsək də, indi bunu demək çətindir. Ancaq mümkünsüz heç nə yoxdur. Daha çox çalışmalı, yoldaşlıq oyunları keçirməliyik. Bu, idmandır, istənilən nəticə ola bilər”.
Qeyd edək ki, Azərbaycan millisi əsas mərhələdə İsveç, Yunanıstan və Xorvatiya yığmaları ilə birlikdə V qrupda mübarizə aparacaq. Avropa çempionatının final mərhələsi isə 2026-cı il yanvarın 18-dən fevralın 8-dək Latviya və Litvada təşkil olunacaq.