Builki mövsümdə oğuzlu fermerlər 250 hektarda tütün yetişdirəcəklər
Oğuz, 1 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Oğuz rayonunun təsərrüfatlarında 250 hektar sahədə tütün əkilməsi planlaşdırılır. Cari mövsümdə oğuzlu fermerlər 180 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Bu məqsədlə təsərrüfatlarda 5 min kvadratmetr sahədə şitilliklər salınıb. Tütün şitilləri mayın əvvəlində sahələrə köçürüləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildiriblər ki, tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə ötən il rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 ədəd tütünqurutma kamerası quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Tələbatı nəzərə alaraq, cari mövsümün başlanğıcınadək bu kəndlərdə əlavə olaraq 12 ədəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur.
Ötən ilədək oğuzlu fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün uzaq məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalırdılar. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.
Xatırladaq ki, 2018-ci ildə Oğuz rayonunda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb.
2017-ci ildə ölkə üzrə tütün istehsalı 5,3 min ton, 2018-ci ildə isə 18,9 faiz artaraq 6,3 min ton təşkil edib. Hər hektara məhsuldarlıq 14,5 faiz artıb.