“Buster” doza ilə peyvəndlənənlər COVID-19-a yoluxduqları halda xəstəliyi daha yüngül keçirirlər
Bakı, 11 noyabr, AZƏRTAC
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə müxtəlif növ peyvəndlərdən istifadə edilir. Azərbaycan dünya dövlətləri arasında COVID-19 əleyhinə vaksinasiya prosesinə ilk başlayanlardandır. Ölkədə bu il yanvarın 18-dən etibarən başlayan peyvəndləmə prosesində 4 növ peyvənddən istifadə edilir. Prezident İlham Əliyevin koronavirusla mübarizədə düzgün qurduğu strategiya nəticəsində ölkəyə fərqli platformalarda hazırlanan vaksinlər gətirilib və qeyd olunur ki, kifayət qədər vaksin ehtiyatı var. Mütəxəssislərin fikrincə, həmin vaksinlərin hər biri koronavirusun mövcud olan ştamlarına qarşı effektivdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-mütəxəssisi Rəna Həmzəyeva deyib.
O bildirib ki, Azərbaycanda istifadə edilən vaksinlər, həmçinin COVID-19-un “delta” ştamının submutasiyası hesab edilən AY.4.2-yə qarşı da effektivdir: “İstifadə olunan vaksinlər təkcə indi mövcud olanlara qarşı deyil, gələcəkdə yarana biləcək ştamlarla yoluxma zamanı da istifadə edilə bilər. Çünki virus dəyişmir, sadəcə olaraq, mutasiyaya uğrayır. Mutasiya nəticəsində isə fərqli ştamlar yaranır. Ona görə də orqanizmdə yaranmış immunitetin zəifləməsinin qarşısını almaq lazımdır. Bu da, əlbəttə ki, “buster” doza ilə mümkündür. “Buster” doza qüvvətləndirici hesab edilir və koronavirusa qarşı yaranmış anticisimlərin uzunömürlü olmasını təmin edir”.
R.Həmzəyeva qeyd edib ki, “buster” doza kimi istənilən növ peyvənd seçilə bilər: “Lakin “Pfizer” peyvəndinin effektivliyinin daha çox olduğunu nəzərə alaraq, qüvvətləndirici doza kimi “Pfizer” seçmək məsləhətdir. Əvvəlki iki dozanın hansı vaksin növündən olması fərq etmir. Əsas odur ki, orqanizmdə yaranmış anticisimlərin sintezini sürətləndirmək üçün üçüncü doza vaksin istifadə edilsin. Belə olan halda, vətəndaşların, xüsusilə də risk qrupuna daxil olanların koronavirusa yoluxma ehtimalı azalar. Həmçinin “buster” doza ilə peyvəndlənənlər COVID-19-a yoluxduqları halda xəstəliyi daha yüngül keçirə bilərlər”.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 9 milyon 941 min 341, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 1 min 669, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 442 min 475 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 497 min 197 nəfər təşkil edib.