BUXARESTDƏ AZƏRBAYCAN SƏFİRLİYİNİN YENİ BİNASININ AÇILIŞ MƏRASİMİ
Açılış mərasiminə toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi böyük hərarətlə və ehtiramla qarşıladılar.
Mərasimi ölkəmizin Rumıniyadakı səfiri Eldar Həsənov açdı.
AZƏRBAYCANIN RUMINİYADAKI SƏFİRİ ELDAR HƏSƏNOVUN
ÇIXIŞI
- Möhtərəm cənab Prezident,
Hörmətli qonaqlar,
Əziz dostlar!
Bu gün Azərbaycan–Rumıniya dostluq, əməkdaşlıq münasibətlərinin tarixində ən əlamətdar günlərdən biridir. Əvvəla, ona görə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rumıniyaya rəsmi səfəri ilə iki dost ölkə arasında əlaqələrin inkişafında yeni bir mərhələ başlanır. Səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər, görülən digər işlər ikitərəfli əməkdaşlığımızın daha da möhkəmlənməsində öz müsbət rolunu oynayacaqdır.
Digər tərəfdən, bu gün həm də dost ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə dərinləşməsində böyük töhfələri və xidmətləri olan Rumıniyadakı Azərbaycan diasporunun, azərbaycansevərlər toplumunun böyük sevincli günüdür.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin mart ayında Şərqi Avropada ilk dəfə məhz Rumıniyada açılan Azərbaycan Respublikasının səfirliyinin fəaliyyəti haqqında məlumat verməklə vaxtınızı almaq istəməzdim. Yalnız onu deyə bilərəm ki, ötən müddət ərzində ümummilli liderimiz tərəfindən qarşımıza qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyə çalışmışıq. Eyni zamanda, cari ilin iyul ayında Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin başçıları ilə keçirilən müşavirədə Prezident cənab İlham Əliyev tərəfindən verilən tapşırıq və tövsiyələr fəaliyyətimiz üçün əsas götürülmüşdür.
İndiki səfər zamanı dövlət müstəqilliyimizi ikinci tanıyan ölkə kimi Rumıniyanın bu gün də Azərbaycanın ən yaxın dostları sırasında durduğunun bir daha şahidi olduq. Fürsətdən istifadə edərək, səfirliyimizə göstərdiyi dəstəyə, səmimi və xoş münasibətə görə Rumıniya dövlətinə və hökumətinə öz minnətdarlığımı bildirmək istərdim.
Çox sevindirici haldır ki, bugünkü görüşümüz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişi ilə ölkəmizin Rumıniyadakı səfirliyi üçün bu yaxınlarda alınan yeni binasında keçirilir. Hörmətli cənab Prezident, Sizin bu qərarınız müstəqil Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə dövlət qayğısı və xarici siyasətimizin həyata keçirilməsinə dəstək kimi yüksək qiymətləndirilməlidir. Əmin ola bilərsiniz ki, belə qayğılı münasibətin məsuliyyətini dərk edən peşəkar kollektivimiz dövlət və milli maraqlarımıza əsaslanan vəzifələrin gələcəkdə daha uğurla həyata keçirilməsində səylərini əsirgəməyəcəkdir. Fürsətdən istifadə edərək, səfirliyimizin bütün kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm cənab Prezident,
Təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Rumıniya Prezidenti İon İliyesku tərəfindən qoyulan və bütün sahələrdə dinamik inkişaf edən dostluq, əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün səfirliyimiz fəaliyyətini daha böyük əzmlə davam etdirəcəkdir. Əminəm ki, Sizin Rumıniyaya uğurlu rəsmi səfəriniz fəaliyyətinizə stimul olacaq və iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.