BUXARESTDƏ AZƏRBAYCANIN SƏFİRLİYİ BİNASININ AÇILIŞ MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Ölkəmizin Buxarestdəki səfiri Eldar Həsənov Prezident İlham Əliyevin Rumıniyaya səfərini yüksək qiymətləndirdi və onun bu mərasimdə iştirak etməsini əlamətdar hal kimi dəyərləndirdi.
Rumıniyada akkreditə olunmuş xarici ölkələrin səfirlərinin də iştirak etdikləri mərasimdə nitq söyləyən Prezident İlham Əliyev Azərbaycanın Rumıniyadakı səfirliyinin yeni binasının açılışı münasibətilə səfiri və əməkdaşları təbrik etdi, onlara xoş arzularını çatdırdı. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Rumıniya dostluq əlaqələrinin daha da inkişaf etdirilməsində Azərbaycan diplomatlarının üzərinə yüksək vəzifələr düşdüyünü xüsusi vurğuladı.
Azərbaycan ilə Rumıniya arasında siyasi əlaqələrin yüksək səviyyəsini qeyd edən dövlətimizin başçısı iqtisadi, elmi, mədəni əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu da bildirdi.
Rumıniyaya rəsmi səfərinin uğurla keçdiyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafında səfirliyin əməkdaşlarının əməyini yüksək qiymətləndirdi.
Sonra Azərbaycan Prezidenti səfirliyin binası və əməkdaşların iş şəraiti ilə yaxından tanış oldu, jurnalistlərin suallarına cavab verdi.