BUXARESTDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞI OLMUŞDUR
Mərasimə toplaşan şəhər sakinləri, Azərbaycan diasporunun və türk toplumunun nümayəndələri prezidentlər İlham Əliyevi və İon İliyeskunu böyük səmimiyyətlə qarşıladılar.
Rumıniya Senatının üzvü, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri İoan Top De Popa mərasimi açaraq, iki ölkə arasında əlaqələrin yaranması və möhkəmləndirilməsində, xalqlarımızın daha da yaxınlaşmasında müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixi xidmətlərindən ətraflı danışdı.
Rumıniya Prezidenti İon İliyesku və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədilər.
Prezident İon İliyesku müstəqil Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevi öz xalqını sevən, onun maraqlarını daim müdafiə etmiş vətənpərvər insan, dahi siyasətçi, tarixi şəxsiyyət kimi səciyyələndirdi. O, Heydər Əliyev ilə keçirdiyi görüşləri, apardığı danışıqları xatırlayaraq, ikitərəfli münasibətlərin inkişafında bunların əhəmiyyətini vurğuladı, Prezident İlham Əliyevin Buxarestə səfərinin siyasətin məntiqi davamı olduğunu bildirdi.
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin büstünün Buxarestdə ucaldılmasına görə Rumıniya xalqına, Prezident İon İliyeskuya minnətdarlığını ifadə etdi. Dövlətimizin başçısı dedi ki, son on ildə Azərbaycanın dinamik inkişaf edən bir ölkəyə çevrilməsi, beynəlxalq aləmdə öz layiqli yerini tutması məhz Heydər Əliyevin cəsarəti və səyləri nəticəsində mümkün olmuşdur.
Prezident İlham Əliyev Şərqi Avropa ölkələri arasında Azərbaycanın səfirliyinin ilk dəfə məhz Buxarestdə açıldığını xatırlatdı və bunu əsası Heydər Əliyev və Prezident İon İliyesku tərəfindən qoyulmuş Rumıniya-Azərbaycan dostluq münasibətlərinin təcəssümü kimi qiymətləndirdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti İon İliyesku büstün üzərindən ağ örtüyü götürdülər, abidənin önünə əklil qoydular.
Rumıniyanın siyasi və dövlət xadimləri, Azərbaycan diasporunun və türk toplumunun nümayəndələri də büstün önünə əklil qoydular.