ELM VƏ TƏHSİL
“Buzovna ensiklopediyası. Vətənnamə” kitabının təqdimatı olub
![](/files/galleryphoto/2022/2/1200x630/16528843835004135205_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652884383873215480_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652884383537394777_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16528843834070727947_1200x630.jpg)
Bakı, 18 may, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ekspozisiyanın izahı, qorunması və audiomüşayiətin təmini şöbəsinin müdiri Əməkdar mədəniyyət işçisi Tomiris Babanlının müəllifliyi ilə “Buzovna ensiklopediyası. Vətənnamə” kitabının təqdimat mərasimi olub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, Buzovna qəsəbəsinin Ruhulla Axundov adına Mədəniyyət Evində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə qazısı, yazıçı, tədqiqatçı Axund Hacı Soltan Əlizadə çıxış edərək Rəhimağa İmaməliyevin fədakar əməyindən, onun 1992-ci ildə Buzovnada təsis etdiyi ilk nəşriyyat olan “Boz oğuz” ailə nəşriyyatının fəaliyyətindən söz açıb.
Bildirilib ki, uzun illər gərgin və ardıcıl axtarışların nəticəsi kimi ərsəyə gəlmiş ensiklopediyanın materialları hələ keçən əsrin 70-ci illərindən ziyalı, ensiklopedist alim Rəhimağa İmaməliyev tərəfindən toplanılmağa başlanılıb. Lakin alimin səhhətinin pozulması və vaxtsız vəfatı bu mühüm qaynağın hazırlanıb başa çatmasına imkan verməyib. 2020-ci ildən Rəhimağa İmaməliyevin həyat yoldaşı Validə İmaməliyeva və qızı Tomiris Babanlı tərəfindən “Buzovna ensiklopediyası. Vətənnamə” kitabı hazırlanaraq 2022-ci ildə “Təhsil” nəşriyyatında işıq üzü görüb. Bu monumental tarixi qaynaq beş fəsildən ibarətdir. Kitabın səhifələrində Buzovna və Zuğulbanın arealı, təbiəti, tarixi yer, məhəllə və abidələrinin adları ilə yanaşı, tanınmış şəxsiyyətləri haqqında da geniş məlumat verilir.
Nəşrin tərtibçiləri Validə İmaməliyeva və Tomiris Babanlı hərb tariximizdə silinməz iz qoymuş buzovnalı qəhrəmanlar haqqında ensiklopediyada ətraflı məlumat verərək, “1939-1945-ci illər Böyük Vətən müharibəsində şəhid olmuş buzovnalı döyüşçülərin təqribi siyahısı”, “Qarabağ müharibəsi şəhidləri” başlıqları altında Vətən igidlərinin adını və xatirəsini əbədiləşdiriblər.
Tədbirdə çıxış edən Tomiris Babanlı nəşrin ərsəyə gəlməsindən danışıb, ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.
Akademik Ziyad Səmədzadə, şair Arif Buzovnalı “Boz oğuz” nəşriyyatının çap etdirdiyi kitablardan bəhs edib, ensiklopediyanın gələcək nəsillər üçün tədqiqat mənbəyi kimi baza rolunu oynadığını vurğulayıblar.
Tədbirdə digər çıxış edənlər bu ensiklopediyanın Buzovna kəndinin tarixinin, mədəniyyətinin və görkəmli şəxsiyyətlərinin həyatının öyrənilməsində mühüm elmi mənbə olduğunu qeyd ediblər.
Sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Fəridə Əliyevanın Buzovna haqqında çəkdiyi “Sahildəki inci” filminin nümayişi olub. Buzovnanın xalq çalğı alətləri ansamblının ifasında mahnılar, qəsəbə məktəblilərinin ifasında Buzovna haqqında şeirlər səsləndirilib.
“Buzovna Ensiklopediyası. Vətənnamə” ensiklopedik-məlumat kitabının redaksiya heyətinin sədri Əməkdar mədəniyyət işçisi Validə İmaməliyeva nəşrin işıq üzü görməsində əməyi keçənlərə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.