BVF BU İL AZƏRBAYCAN İQTİSADİYYATININ DAHA DA İNKİŞAF EDƏCƏYİNİ PROQNOZLAŞDIRIR
Məruzədə deyilir ki, ümumi daxili məhsulun artımı üçün qısamüddətli perspektivlər əlverişli olacaqdır. Lakin belə şəraitdə başlıca vəzifə inflyasiyanı birrəqəmli həddə saxlamaqdan ibarətdir.
İstehlak qiymətləri indeksinin 2005-ci ildəki 5,5 faizlə müqayisədə bu il 12 faizə qalxacağı proqnozlaşdırılır. Keçən ilin fevralında Azərbaycan Milli Bankı manatın dollara nisbətdə məzənnəsinin süni surətdə tənzimlənməsi siyasətindən imtina etmiş və öz valyuta siyasətini möhkəmlətmiş, bundan sonra sentyabrda valyuta məzənnəsini yenidən müəyyənləşdirmişdir.
Neftin qiymətinin qalxması və ixracın həcminin artması büdcə kəsirini keçən il ÜDM-in 5,2 faizinədək azaltmağa imkan vermişdir, halbuki həmin göstərici 2004-cü ildə 30 faiz idi. Bu il büdcə profisitinin ÜDM-in 17,7 faizi qədər olacağı gözlənilir.
İndiki əlverişli perspektivlər iqtisadiyyatı şaxələndirməyə imkan verir və BVF rəhbərliyi Azərbaycanın maliyyə və kredit-valyuta siyasətini dəstəkləyir.
BVF-nin məruzəsində deyilir: “Əsas çətinlik neft hasilatının sürətlə artımından səmərəli bəhrələnməkdən ibarətdir. Qarşıdakı beş il ərzində neftdən əldə ediləcək gəlir xarici borclar üzrə ödəniş faizinin artmasına və ümumən büdcə profisitinə gətirib çıxaracaqdır. Bununla əlaqədar BVF rəhbərliyi ortamüddətli maliyyə siyasətinin işlənib hazırlanmasının vacibliyini vurğulayır”.