BVF-nin rəhbəri qlobal iqtisadiyyatda proteksionizmdən çəkinməyə çağırıb
Bakı, 5 may, AZƏRTAC
Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva qlobal iqtisadiyyatın sürətli bərpası məqsədinə nail olmaq üçün proteksionizmdən çəkinməyə çağırıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, BVF-nin rəhbəri Belçikada keçirilən Brüssel İqtisadi Forumunda “Parçalanmış dünyaya qarşı birləşdik" adlı məruzəsində vurğulayıb: “Qlobal iqtisadiyyatın sürətli bərpasına doğru ən təcili addımlardan biri proteksionizmin yeni formasının təşviq edilməsindən qaçmaqdan ibarətdir”.
Daxili iqtisadiyyatlara kömək etmək üçün beynəlxalq ticarəti məhdudlaşdıran hökumət siyasətlərini ehtiva edən proteksionizm son illərdə ölkələrin ikitərəfli ticarət əlaqələri arasında mübahisəli mövzuya çevrilib. ABŞ-ın keçmiş Prezidenti Donald Trampın 2018-ci ilin əvvəlində digər ölkələrdən idxal edilən bir çox mallara rüsumlar tətbiq etməyə başlamasından sonra bu termin dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin arasında kəskinləşən ticarət əlaqələri müstəvisində daha aktual olub.
K.Georgiyeva çıxışında vurğulayıb ki, çoxtərəfli əməkdaşlığın canlandırılması bütün dünyada uzunmüddətli inkişaf üçün vacibdir, xüsusən tədarük zəncirinin pozulmasına səbəb olan pandemiyadan sonrakı dövrdə və Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində ölkələrin investisiya qərarlarında tərəddüdlər əmələ gəlib. O əlavə edib: "Birlikdə götürdükdə, bu tendensiyalar real iqtisadi xərcləri olan daha parçalanmış dünya yaradır. BVF-nin araşdırmasına görə, ticarətdə parçalanma uzunmüddətli perspektivdə qlobal ÜDM-in 7 faizinə başa gələ bilər. Əgər texnoloji ayrılma əlavə edilərsə, bəzi ölkələr ÜDM-in 12 faizinə qədərini itirə bilər".
BVF rəhbəri, əlavə olaraq, davamlı inflyasiyanı azaltmaq üçün ölkələrin apardığı monetar sərtləşmə siyasətinin də qlobal iqtisadi artıma mənfi təsir etdiyini və bəzi maliyyə çətinliklərinə səbəb olduğunu söyləyib. K.Georgiyeva təhsili təkmilləşdirmək, əmək bazarlarını gücləndirmək, sosial təhlükəsizlik şəbəkələrini modernləşdirmək və davamlı bərpa prosesini təmin etmək üçün iqlim tədbirlərinin, struktur islahatlarının, insanlara, texnologiyaya və innovasiyalara investisiyaların zəruriliyini qeyd edib.