CANƏLİ ƏKBƏROVUN CIXIŞI:
Titanik gücə, fenomenal təfəkkürə malik Heydər Əliyev kimi bir böyük şəxsiyyətə, siyasət dünyasının zirvəsində yeri olan hörmətli Prezidentimizə oktyabr ayında səs verməyimiz Allaha da xoş gedər. Niyə? Hanı elə bir prezident ki, ölkəsinin mədəniyyətinə, elminə, ədəbiyyatına, iqtisadiyyatına bu qədər diqqət göstərsin? Heydər Əliyev bizə həm də ona görə əzizdir ki, o, xalqımıza gözəl bir ziyalı, siyasətçi, İlham Əliyev kimi oğul bəxş etmişdir.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor SİYAVUŞ KƏRİMİ dedi ki, Azərbaycan mədəniyyəti, ələlxüsus musiqi mədəniyyəti dünyanın ən inkişaf etmiş mədəniyyətləri sırasında öncül yer tutur. Mədəni nailiyyətləri təmin etməyin nə qədər çətin olduğunu biz sənət adamları yəqin ki, hamıdan yaxşı bilir və başa düşürük. Ona görə də Azərbaycanın bugünkü və gələcək Prezidenti cənab Heydər Əliyevin Azərbaycan mədəniyyətinə nə qədər böyük qayğısı olduğunu ucadan etiraf etmək lazımdır.
Hələ 1969-cu ildən başlayaraq, 1980-ci illərə qədər keçmiş Sovetlər İttifaqı məkanında Azərbaycan bəstəkarlarının əsərlərinin ifa olunmasında və görkəmli mədəniyyət nümayəndələrimizin, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülməsində Heydər Əliyevin böyük zəhməti və xidmətləri olmuşdur.
1993-cü ildən başlayaraq yenidən Azərbaycan mədəniyyətinə göstərilən qayğı, burada adları çəkilən mədəniyyət işçilərinə Prezident təqaüdlərinin, mükafatlarının verilməsi və eləcə də bir neçə il bundan əvvəl Azərbaycan Milli Konservatoriyasının yaradılması ölkəmizin milli musiqisinə göstərilən böyük qayğıdan irəli gəlir. Azərbaycan musiqisini dünyada tanıtmaq, onu dünya səhnələrinə çıxarmaq, dünya musiqi mədəniyyətinə inteqrasiya etmək- bunların hamısı möhtərəm Prezidentimiz Heydər Əliyevin adı ilə bağlıdır. Qarşıdan gələn prezident seçkilərində Heydər Əliyevin qələbə çalacağına heç kəsin şübhəsi yoxdur. Biz incəsənət nümayəndələri, cəmiyyətimizin qabaqcıl təbəqələrindən biri olaraq, öz seçimimizi bütün xalqa nümayiş etdirməliyik. Biz qarşıdakı seçkilərdə cənab Heydər Əliyevə uğurlar arzulayırıq.