CƏMİYYƏT
Cari ilin altı ayında 17 min 528 nəfər heyvan dişləməsi səbəbindən həkimə müraciət edib
![Cari ilin altı ayında 17 min 528 nəfər heyvan dişləməsi səbəbindən həkimə müraciət edib](/files/2022/3/1200x630/16643672301988213822_1200x630.jpg)
Bakı, 28 sentyabr, AZƏRTAC
Cari ilin altı ayında 17 min 528 nəfər heyvan dişləməsinə görə mütəxəssisə müraciət edib.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.
“Müraciət edənlərin 3 min 743 nəfəri Bakıda olub. Ümumilikdə 14 min 900 nəfəri it, 2 min 15 nəfəri pişik, yerdə qalanları isə digər heyvan növləri dişləyib. Bu günə qədər ölkə ərazisində insanlar arasında isə heç bir quduzluq halı aşkarlanmayıb.
Ovçular arasında profilaktik quduzluq peyvəndləməsi aparılır.
Quduzluq sadəcə dişləmə ilə deyil, eyni zamanda zədələmə (cırmaqlama), tüpürcək yolu ilə də keçir. Quduzluğa qarşı peyvənd Azərbaycanda peyvəndləmə təqviminə daxil edilməsə də profilaktik tədbir olaraq ovçular arasında aparılır. Dişləmə nahiyəsi sinir sisteminə nə qədər yaxındırsa müalicə kursu uzadılır. Vaksinlər xəstəni bir ilə qədər qoruyur. Quduzluq peyvəndi vurulduqdan sonra şəxs bir müddət qidalanmasına fikir verməli, spirtli içkilərdən uzaq olmalıdır”.