CARİ İLİN BİRİNCİ RÜBÜNDƏ LƏNKƏRAN RAYONUNDA İQTİSADİYYATIN DİNAMİK İNKİŞAFI TƏMİN EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir 2008-ci ilin birinci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə səslənmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müşavirədə məruzə ilə çıxış etmişdir.
Aprelin 14-də Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələri diqqətə çatdıran icra hakimiyyətinin başçısı, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtından əvvəl və uğurla yerinə yetirilməsinin bölgələrdə işsizliyin azaldılmasına və əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına müsbət təsir göstərdiyini bildirmişdir.
2008-ci ilin birinci rübündə Lənkəran rayonunda iqtisadiyyatın dinamik inkişafının təmin olunduğunu vurğulayan S.Mikayılov, kənd təsərrüfatında, sənayedə, xidmət sahələrində uğurlar qazanıldığını, ümumi məhsul istehsalının ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz, orta aylıq əmək haqqının 27,7 faiz artdığını, 885 yeni iş yerinin açıldığını diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, bu dövrdə rayonda sosial məsələlərin həllinə diqqət artırılmış, tikinti-quruculuq işlərinin həcmi və keyfiyyəti yüksəlmişdir.
Cari ilin birinci rübündə rayonda «Nur-süd» MMC fəaliyyətə başlamış, əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə 700 metr uzunluğunda yeni su xətti çəkilmiş, Havzova kəndində 192, Cil kəndində 220, Sütəmurdov kəndində 600 və Türkəkəran kəndində 220 şagird yerlik məktəb binalarının, şəhər uşaq sağlamlıq mərkəzi üçün yeni binanın, Dıryan kəndində həkim ambulatoriyasının tikintisinə başlanılmış, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən üçmərtəbəli binanın tikintisi davam etdirilmiş, mərkəzi rayon xəstəxanasının müalicə, dəri-zöhrəvi dispanserin ambulator şöbələri əsaslı təmir edilmişdir.
Müşavirədə çıxış edənlər 2008-ci ilin birinci rübündə görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsanları da ətraflı təhlil edərək, mövcud problemlərlə bağlı təkliflərini bildirmiş, bu ilin payızında keçiriləcək prezident seçkilərində ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevə səs verəcəklərini diqqətə çatdırmışlar.