CƏMİYYƏT
Cəbrayıl bərpa və firavanlıq yolundadır - RƏY
Bakı, 4 oktyabr, AZƏRTAC
Cəbrayıl şəhərinin azad olunmasının çox böyük əhəmiyyəti var. Çünki Cəbrayıl şəhəri Vətən müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi. Şəhərin azad olunması həm Vətən müharibəsinin sonrakı gedişatına müsbət təsir göstərmişdi, eyni zamanda, Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdi. Ona görə də hesab edirəm ki, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin azad edilməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, xalqımızın, Ordumuzun birliyinin, gücünün və qətiyyətinin sübutu oldu.
AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Cəbrayılın Ermənistan tərəfindən işğalı nəticəsində rayonun vandalizmə məruz qaldığını söyləyən deputat bildirib: “İşğal nəticəsində 72 orta məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd tamamilə dağıdılmışdı. Tarixi silmək istəyən barbarlar Cəbrayılın da abidələrini, mədəniyyət nümunələrini məhv ediblər. Amma Azərbaycan haqqı, ədaləti bərpa edərək işğala son qoydu”.
O qeyd edib ki, Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurdu. “Heç təsadüfi deyil ki, Böyük Qayıdış məhz Cəbrayıldan başladı. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edildi. Strateji yüksəkliklər işğaldan azad edildikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu zamanı Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı”.
S.Salmanova bildirib ki, işğal zamanı çəkilən əziyyətlərə və ermənilərin rayonda törətdiklərinə baxmayaraq, Cəbrayıl bərpa və firavanlıq yolundadır: “Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün dövlətimiz əlindən gələni əsirgəmir. Cəbrayıl rayonu azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyev rayona dəfələrlə səfər etmiş, ilk səfəri zamanı Xudafərin körpüsündə Dövlət Bayrağımızı ucaltmışdı. Digər səfərləri zamanı isə Prezident İlham Əliyev təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bütün bunlar isə dövlət başçısının diqqət və qayğısının növbəti təzahürüdür. Prezidentin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə köç karvanı Bakıdan yola salınıb.
Həyata keçirilən işlər, nəhəng layihələr soydaşlarımızın rahatlığı və firavanlığına hesablanıb”.