Cəfər Cabbarlı irsinin kitabxanalarda təbliği müzakirə olunub
Sumqayıt, 7 may, Ətrabə Rzayeva, AZƏRTAC
Xızıda “Cəfər Cabbarlı - 120” adlı dəyirmi masa formatında tədbir keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, görkəmli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illik yubiley tədbirləri çərçivəsində İdarənin şəbəkəsinə daxil olan Sumqayıt, Abşeron, Qubadlı və Zəngilan mərkəzi kitabxana sistemlərinin bir qrup əməkdaşı Xızı rayon Mərkəzi kitabxanasında olub. Qonaqlara kitabxananın fəaliyyəti, keçirilən tədbirlər haqqında məlumat verilib.
Sonra rayondakı Heydər Əliyevin Mərkəzində davam edən tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçi Möhsün Bağırov giriş sözü ilə açaraq Cəfər Cabbarlı yaradıcılığının əbədiyaşarlığından danışıb..
Tədbirdə “Dramatik həyatlı böyük dramaturq Cəfər Cabbarlı”, “Cəfər Cabbarlı və Azərbaycan kino sənətimiz”, “Cəfər Cabbarlı dramaturgiyası və teatr”, “Cəfər Cabbarlı əsərlərində qadın hüquqları”, “Cəfər Cabbarlı haqqında xatirələr”, “Cabbarlı irsinin kitabxanalarda təbliği” mövzularında məruzələr dinlənilib.
Sonda Cəfər Cabbarlı və Mikayıl Müşfiqin ev-muzeyləri və abidələri ziyarət edilib.