MƏDƏNİYYƏT
Cəlilabad rayonunda təxminən 1800 il əvvələ - atəşpərəstlik dövrünə aid qəbirlər aşkar edilmişdir
Bakı, 30 iyul (AZƏRTAC). Cəlilabad rayonunda təxminən 1800 il əvvələ - atəşpərəstlik dövrünə aid qəbirlər aşkar edilmişdir. Rayon ərazisində indiyədək atəşpərəstlik dövrünə aid yaşayış məskənləri və maddi-mədəniyyət abidələri aşkar olunsa da, məzarlığa ilk dəfədir ki, rast gəlinir.
AZƏRTAC xəbər verir ki, beş sənduqə tipli qəbir Cəlilabad rayonunun Seyidbazar kəndində, “Qaraağaclı bulaq” adlanan təpədə aşkar edilmişdir. Erkən orta əsrlər dövrünə, yəni III-V əsrlərə aid edilən qəbirlər bu yerlərdə o zaman məskunlaşan insanların dini mənsubiyyətini müəyyənləşdirməyə imkan verir. Qəbir abidəsinin özəlliyi buradakı sənduqələrdə cənazənin olmamasındadır. Yəni bu sənduqələrdən yandırılmış ölülərin külünü saxlanaq üçün istifadə edilmişdir. Atəşpərəstlikdə dörd ünsür - torpaq, od, su, hava müqəddəs sayıldığından meyit torpağa qoyulmamış, xüsusi daxmalarda saxlanılmış, əti çürüdükdən sonra sümüklər yandırılaraq sənduqələrdə dəfn edilmişdir.
Aşkar edilən qəbirlərin zərdüştilik dininə aidiyyətini sənduqələrin üzərindəki işarələr də təsdiqləyir. Tarixçi alimlərin qənaətinə görə, yeni aşkar edilən bu məzarlıq Azərbaycan arxeologiyası tarixində atəşpərəstlik dövrünün bir çox qaranlıq məqamlarına aydınlıq gətirə biləcəkdir.
Arxeoloqlar növbəti illərdə yaxınlıqdakı tarixi yaşayış məskənində qazıntı işlərini davam etdirməyi planlaşdırırlar.