Cəlilabadda “Gənc donorlar üçün qış universiteti – 2013” adlı layihə həyata keçirilmişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Cəlilabadda “Gənc donorlar üçün qış universiteti - 2013” adlı layihə həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, paytaxt və region gəncləri ilə yanaşı layihəyə Gürcüstanda yaşayan soydaşlarımız da qatılmışlar.
Qış universitetinin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon təhsil şöbəsinin rəhbərliyi və rayon ictimaiyyəti də iştirak etmişlər. Layihə müddətində Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Mətanət Qaraxanova, Marneuli Gənclər Mərkəzinin həmtəsisçisi Emin Əhmədov və digərləri tərəfindən panellər üzrə təlimlər keçirilmişdir.
Beş günlük düşərgə zamanı layihə iştirakçıları Cəlilabadla yaxından tanış olmuş və rayonun tarixi yerlərini ziyarət etmişlər.
Qeyd edək ki, layihə Gənclər Fondu tərəfindən keçirilən Qrant Müsabiqəsinin C kateqoriyasında Qan Donorları Assosiasiyasının fəal üzvü Lalə Mahmudlu tərəfindən qazanılmışdır. Layihənin əsas məqsədi region gəncləri arasında qan xeyriyyəçiliyini inkişaf etdirmək və gəncləri sağlam həyat tərzi keçirməyə dəvət etməkdir.