REGİONLAR
Cəlilabadda narkomaniya və erkən nikahlarla bağlı müzakirələr aparılıb
Cəlilabad, 7 may, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Boyxanlı kənd tam orta məktəbində “Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev narkomaniyanın hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağır problemlərdən biri olduğunu bildirib.
Şöbə rəisi ağ ölümün səbəb olduğu dəhşətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizədən danışaraq narkomaniyanın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir. Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri də fəal iştirak etməlidirlər.
Mövzuyla bağlı çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Cəlilabad Rayon Şöbəsinin rəisi Mehman Qasımov, Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının narkoloji şöbəsinin həkimi Hilal Quliyev bu cür görüşlərin əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, verilən dəyərli tövsiyələr yeniyetmə və gənclərdə bu bəlanın səbəb olduğu fəsadlar barədə, acı nəticələri haqqından geniş təsəvvür yaradacaq, gələcəkdə zərərli vərdişlərə qarşı daha diqqətli olmalarına, narkotik vasitələrə yaxın durmamalarına səbəb olacaq.